Xəbər lenti

Ölkə 14:06 15.12.2023

"Cinayət Məcəlləsinə təklif edilən əlavələr çox sərtdir" - Deputat

"Qanun layihəsində elə məqamlar var ki, onu yumsalştmaq lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Cinayət Məcəlləsinə təklif edilən əlavələri şərh edərkən deyib.

Deputat bildirib ki, Cinayət Məcəlləsinə təklif edilən bu dəyişiklik hərbi qulluqçularla vətəndaşlar arasında təbii bir fərqi ortaya qoyur:

"Hərbu qulluqçuların atdığı bu sayaq addımlar bütövlükdə intizam məsuliyyəti yaradır. Onlar yalnız intizam məsuliyyətinə görə cavab verirlər. Amma daha irəli gedəndə prosesin narahatlıq doğurması məsələsi gündəmə gəlirsə, onda inzibati məsuliyyət də yarada bilir. Vətəndaşlarla bağlı məsələ ilə tamam başqa aspektdə götürülüb. Burada daha çox bilavasitə məqsədyönlü şəkildə düşmənə yardım etmə məqsədilə informasiyaların yayılması nəzərdə tutulur. Çünki bilməyərəkdən hansısa bir məlumatın yayılması bu istiqamətdə hansısa bir cinayət məsuliyyətinin yaranmasına gətirib çıxarmır. Burada qəsdən həmin məlumatların yayılması istiqamətində atılan qanuna zidd əməllərdən söhbət gedir".
 


Fazil Mustafa qeyd edib ki, bu dəyişiklik sıravi vətəndaşların məsuliyyətinin daha da artırılmasını nəzərdə tutur:

"Təbii ki, burada müəyyən nüanslar var ki, onu bu qədər sərt götürmək doğru olmaz. Məsələ parlamentin plenar iclasında da geniş müzakirə olunacaq. Burada məsələ ilə bağlı müəyəyn fikirlər səslənəcək. Onun təhlükəli tərəfləri, vətəndaş üçün nəzərdə tutulmayan daha ağır nəticələrinin olması və başqa məsələləri də ortaya qoya bilər. Müzakirələrdə yəqin ki, müəyəyn korrektlər, müəyyən yüngülləşdirmələr olacaq".

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsində Cinayət Məcəlləsinə əlavələr müzakirə olunub. Təkliflərə əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir. Yeni 614-1 maddəyə görə, bu cür məlumatları mediada, habelə sosial mediada yayılmasına görə hərbi qulluqçular 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Eyni əmələ görə sıravi vətəndaşları isə daha ağır cəza gözləyir. Belə ki, sıravi vətəndaşlar CM-in yeni 284-2 maddəsinə əsasən 5 ildən 8 ilədək, yaxud 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->