Dünya 18:11 01.02.2023

Conson: "Vaxtı, pulu boş yerə sərf etmək yerinə ukraynalılara lazım olanı verin"

Ukraynaya dəstəyi artırmaq üçün yüksək vəzifəli siyasətçilərlə danışıqlar aparmaq üçün Vaşinqtonda olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna əsgərlərinə lazım olan bütün silahların verilməsini istəyib.

Qaynarinfo "Avropa həqiqəti”nə istinadla yazır ki, bu barədə o, Fox News-a bildirib.

F-16 qırıcıları ilə bağlı sualı cavablandıran Conson Ukraynanı bütün lazımi silahlarla təmin etməyi dəstəkləyib.

Conson deyib: "Mən yalnız onu deyəcəyəm ki, biz hər dəfə filan silahın verilməsinin səhv olduğunu söyləyib yekunda bunu edirik və bu onunla qurtarır ki, bu, Ukrayna üçün lazım olan şeydir”.

"Yadımdadır, mənə deyirdilər ki, onlara tank əleyhinə raketlərin verilməsi pis fikirdir. Əslində, onlar çox zəruri idilər, hətta Donald Trampın dövründə belə ABŞ onları "Javelin”lərlə təmin edirdi. Döyüşlərdə onlar rus tanklarını dəf etmək üçün əvəzsiz idilər” – Britaniya hökumətinin keçmiş başçısı bildirib.

"Çoxu deyirdi ki, biz HIMARS verməməliyik. Yadımdadır, çoxlu raket sistemləri, MLRS haqqında mübahisə edirdim. Əslində, onlar ukraynalılar üçün əvəzolunmaz oldular. Eyni şeyi tanklar haqqında da dedik", - o əlavə edib.

Conson hesab edir ki, bu uzun müzakirələrdən vaz keçib "vaxta, pula qənaət etməli, ukraynalılara lazım olanı mümkün qədər tez verib onların həyatını xilas etməliyik”.

O, Rusiya prezidenti Vladimir Putinin müharibəni nüvə münaqişəsinə çevirməyə hazır ola biləcəyi fikrini rədd edib.

"O, bunu etsə belə, yəqin ki, ukraynalıları dayandıra bilməyəcək - biz onun iqtisadiyyatını elə kriogen iflic vəziyyətinə salacağıq ki, Rusiya onilliklər ərzində ondan çıxa bilməyəcək - buna görə də bunu etməyəcək", - Conson bildirib.

Xəbər verdiyimiz kimi, Conson bir həftə ərzində ABŞ Respublikaçılar Partiyasının qanunvericiləri ilə görüşərək onları Ukraynaya yardımı davam etdirməyə çağıracaq.

Alpər