Foto 13:01 01.02.2023

"Davamlı İnkişaf Xidməti - 2 il" adlı hesabat tədbiri keçirildi (FOTOLAR)

30 yanvar tarixində "Davam" Gənclər Hərəkatının tərkibində fəaliyyət göstərən klub və mərkəzlər şəbəkəsini özündə birləşdirən çətir struktur vahidi Davamlı İnkişaf Xidmətinin fəaliyyətinin 2 illiyinə həsr olunmuş hesabat tədbiri baş tutub. Tədbir Xidmətin "Davam" Gənclər Hərəkatının fəaliyyətində oynadığı rol, ötən il ərzində görülmüş işlər, hədəf və perspektivlərinə həsr olunub. 

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və gənclər iştirak edib. 

Aparıcı Fira Cəlilovanın moderatorluğu ilə baş tutan tədbirin ilk hissəsində Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynova çıxış edərək Xidmətin ötən il ərzində gördüyü işlər barəsində statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra isə tədbirin qonaqları Hərəkatın və Xidmətin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. 

Tədbirin rəsmi hissəsinin sonunda Xidmətin fəaliyyətində aktivliyi ilə seçilən klublar və gənclər nominasiyalar üzrə sertifikatlarla təltif olunub. 

Günün yekununda tədbirin bədii hissəsi Səfa Mehdinin moderatorluğu və DJ-in müşayiəti ilə gənc müğənnilər Fərid Mərd, Nihat Qasımzadə, Tevfik Ayhan, İlham, Yusif İsmayılov tərəfindən ifa edilən və davamçıların zövqünü oxşayan mahnıların sədası altında davam edib. 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "Gənclər üçün klub və mərkəzlər şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi layihəsi” çərçivəsində həyata keçirilib.