Xəbər lenti

Ölkə 17:39 15.03.2024

Dayısı oğlunun ölümündən 93 gün sonra qəzanı özü törətdiyini dedi (FOTO)

Ötən ilin iyun ayının 14-də Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində ölümlə nəticələnən qəzanı sürücünün bibisi oğlu törədibmiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, həmin tarixdə 1997-ci il təvəllüdlü Mehdiyev Həbib Əflan oğluna məxsus "İnfiniti FX35" markalı  avtomobil hərəkətdə olarkən Qobustan qəsəbəsi muzey yolunda aşıb. Hadisə nəticəsində Həbib Mehdiyev dünyasını dəyişib, bibisi oğlu, 1999-cu il təvəllüdlü Quluzadə Ziya Zeynal oğlu xəsarət alıb. 

Hüquq-mühafizə orqanlarına qəzanın Həbib Mehdiyev tərəfindən törədilməsi deyilsə də, sonradan aparılan araşdırma zamanı hadisənin Ziya Quluzadə tərəfindən törədilməsi məlum olub. Belə ki, həmin gün yeyib-içdikdən sonra Ziya Quluzadə Həbib Mehdiyevdən "İnfiniti FX35" markalı avtomobili idarə etməsini xahiş edib. Həbib də onun xahişini nəzərə alıb və sükan arxasına keçib. Həmin avtomobillə təxminən 1 km-dən çox məsafə qət etdikdən sonra Həbib Mehdiyevə deyib ki, qaz əyləci ilişib. O, Həbibin dediyi kimi qaz əyləcini bir daha sıxıb, bu zaman maşının hərəkəti daha da sürətlənib. Bundan sonra idarə etməni itirib və avtomobil yolun torpaq hissəsinə çıxaraq aşıb. 

Həbibin dünyasını dəyişdiyini bildikdən sonra Ziya Quluzadə istintaqa hadisəni özü deyil, mərhum dayısı oğlunun törətdiyini bildirib və sərbəst buraxılıb. 13 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Həbibin ölümünü özünə əzab bildiyindən qərara gəlib ki, istintaqa gedib törətdiyi yol nəqliyyat hadisəsi barədə düzgün ifadə versin. Hadisədən 93 gün sonra saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi  ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmədə Ziya Quluzadə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə azadlığa çıxdıqdan sonra övladlıq edəcəyini, oğlu əvəzinə vəzifə borcunu yerinə yetirəcəyini deyib. 

Məhkəmənin qərar ilə Ziya Quluzadəyə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkəcək. 

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->