Ölkə 10:29 09.02.2023

Dənizçilərimiz Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım aksiyasına başladı

"Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım aksiyasına start verib.

Bu haqda Qaynarinfo-ya İB-nin sədri, AXDG QSC XDND-nin gəmi kapitanı, şair Faiq Balabəyli məlumat verib:

"Qardaş Türkiyədə baş verən zəlzələdən sarsıldıq. Azərbaycan dövləti qardaşlıq və insanlıq naminə yardımları əsirgəmir. Bu acını bir olaraq çəkirik. Xalqımız da yardım aksiyasında mütəşəkkildir. Qardaşlarımızın sərt qış fəslində çətin durumda olması bizləri də eyni duruma sürükləyir. Təbii fəlakətin apardığı canlar bizim öz canlarımızdır. Təbii ki, Bu çətin durumda bütün Azərbaycan xalqı səfərbər olub.

"Dənizçilərə Sosial Dəstək” İctimaii Birliyi bu ağır gündə qardaşlarımızın yanında olmağı, onlara yardım etməyi bu günün əsas görüləcək işi olaraq qərarladı. Birliyin idarə heyyəti onlayın keçirdiyi məşvərət məclisində yardım aksiyasına qoşulmağı planladı. Birliyimizin artıq bu işdə ənənəsi, təcrübəsi var. 2020-ci ilin Vətən mühartibəsi zamanı "DSD”İB-nin çağrışı ilə xarici sularda üzən onlarla dənizçimiz yardım aksiyasına qoşulmuşdu. Bu gün də həmin çağırışla Xəzərdə və dünyanın müxtəlif sularında üzən Azərbaycan dənizçilərinə müraciət edirik. Yardım üçün "DSD”İB-nin ofisində (Xətai rayonu, Xəzər 1 küçəsi, Dənizçi mərkəzi. Tel: 070- 603-06-00) qərargah fəaliyyət göstərir. İmkanı, həvəsi, istəyi olanlar yardım üçün toparlana bilər. Fevralın 10-da yardım qutularını təyinatı üzrə çatdıracağıq".