Siyasət 14:13 12.10.2023

Deputat: "PA-nın şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər"

"Prezident İlham Əliyevin hakimiyyətdə olduğu və ondan əvvəlki müddət hamar olmayıb. Çünki Heydər Əliyevin oğlu olmaq həm şərəfli, həm də məsuliyyətlidir".

Qaynarinfo xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

"Prezident İlham Əliyevə qarşı olan haqsızlıqların çoxunu bilirik. Hələ o vaxt Heydər Əliyevə qarşı Qorbaçov və ətrafında olan ermənilərin ən ağrı zərbələrini məhz Prezident alıb. Demokratiya qırıntıları Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin Naxçıvana getməsinin qarşısını alırdılar. Bax, bu cür ağrılı və əziyyətli proseslərdən keçib", deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu Öndərlə çiyinə-çiyinə çalışıb:

"Həmçinin, dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər. Sonrakı dövrlərdə də İlham Əliyev Azərbaycana qarşı təxribat aparanların qarşısını aldı və nəticə qələb ilə başa çatdı. Bir sözlə, Prezidentin bütün gördüyü işlər Ümummilli lider Heydər Əliyevin siyasi xəttidir. 1920-ci ildən bu yana kimsə xalqın lideri hesab olunmayıb. Xalqın ümummilli lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir".

Qafqaz Rafiqoğlu