Orxan Saffari
Ölkə 15:35 29.04.2022

Dirəşib yaşayanlar

Orxan Saffari

Hərdən olub, "mən çox yaşamaq istəmirəm, ölmək istəyirəm" deyən adamlar görmüşəm, amma heç vaxt, heç birinin səmimiyyətinə inanmamışam. Bu, sadəcə, hamımızın müəyyən anlarda dediyimiz bezginlikdən başqa bir şey deyil. Məncə, insan o vaxt ölmək istəyər ki, yerdə yatar, can verər, ağrıları dözülməz həddə çatar. Əks halda çox yaşamaq istəməyən adam, gedər "işinin dalınca". Tay özünü də yormaz, bizi də. Belə də, az yaşamağın, daha doğrusu, çox yaşayıb urvatsızlaşmaqdansa, elə az yaşayıb, urvatlı ölməyin özü də bir mədəniyyətdir. 

Amma məni sıxan, narahat edən, yediyimi-içdiyimi burnumdan gətirən adamlar, çox yaşamaqdan ötrü özünü əlli cür nazu-nemətdən məhrum edən adamlardır. Fikir vermişəm, özünü ziyanlı olan ən adi şeydən belə məhrum edən adamlar, elə ən tez mərhum olan adamlardır. 

Ölüm qorxusu səni istədiklərini etməyə qoymursa, ürəyin istəyən kimi yeyib-içməyəcəksənsə, neynirsən ki, o ömrü?! Heç nədən həzz almadan ömürmü yaşamaq olar? Bu cür çox yaşayıb nə edəcəksən? 

Demirəm, söz yox, insan özünü qorumalıdır ki, bunu ən yaxşı edən adamlardan biri də özüməm. Sağlam olmaq vacibdir. Amma məsələn, mənim sağlam olmaq istəyimin kökündə həmişə həzz ala bilmək istəyi dayanır. İstəyirəm ki, 40 yaşımdan sonra da təzyiqdən, şəkərdən və.s başqa xəstəliklərdən əziyyət çəkməyib, "liboy vremya" yeyib-içim. Vəssalam. Yoxsa, bunu etməyim ki, 5-10 il də artıq yaşayacam zad, mənlik deyil. Onsuz da, mənim 5-10 il artıq yaşamağımla bu dünyaya böyük qatqım yoxdu, az yaşamağımla da nəsə itirməyəcək kainat. Dirəşsək, dünya mənsiz daha gözəldir. 

Bu məsələdə çox yaşamaq istəyi mənim üçün fanilikdən başqa bir şey deyil. 

Amma adamlar var, tanıyırsınız yəqin, bəlkə də özünüzsünüz. Məclislərdə 50 adamın xahişindən sonra 50-cə qram araq içər, daim meyvə şirələri, sağlam qidalanma-zad. Hər gün də səhər-axşam idmanı yerində. O adamlar torpağın altına sağlam can aparmaq istəyən adamlardır, qaçın o adamlardan. Onlar həm də elə bilirlər ki, bunları edəndə tez öləcəklər. Amma soruşsan, deyəcək ki, Allah nə qədər yazıb, o. Qismətdən artıq yemək olmaz. Elədirsə, həzz al da, niyə özünü sıxırsan? Axı, sənin 5 il artıq yaşamağınla özün, ətrafın nə qazanacaq? Niyə dirəşirsən? Bəlkə bəsdi? Başını qaldır, bir ətrafa bax, gör doymusanmı? 

Dar günə üçrəqəmli pulu olan adamlar var, qarnına heç nə almır, özünə heç nə almır. Kimə yığırsan, nəyə yığırsan, hara qədər yığacaqsan? Aldın bu evləri də, maşınları, obyektləri də. Bəs, sonra? Axı, o qədər puldan özünə belə xərcləməyə ürəyin gəlmir. Sənin ürəyin 100 il döyünsə nə olacaq?

Adam var, elə yaşayır, elə bil, heç vaxt ölməyəcək.