Ölkə 15:46 22.09.2022

Dominoda uduzdu, əsəbiləşib dostunun gözünü partlatdı

İsmayıllı rayonun Ruşan kəndində yerləşən taxıl anbarının həyətində domino oyununda uduzduğuna görə qonşusunun gözünü partladan şəxslə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə 17 iyul 2022-ci il tarixdə, saat 19.00 radələrində baş verib. 

Belə ki, təqsirləndirilən şəxs Sahil Əliyev Ruşan kəndində yerləşən taxıl anbarının həyətində həmkəndliləri birlikdə domino oynamağa başlayıb. 
Sahil Əliyev uduzduğu üçün oyundan çıxıb. Həmin vaxt həmkəndlilərinə əsəbi halda "oynayırsız kişi kimi oynayın, danışmayın” deyib. Onun bu sözünə heç kim fikir verməyib, hamı bunu normal zarafat kimi qəbul edib.

Bu vaxt zərərçəkmiş - Tahir adlı şəxs ona zarafatla "sən özünü kişi sayırsan?” deyib. Sahil Əliyev onun etdiyi zarafatı ciddi qəbul edərək, qəflətən yumruqla sol göz altı nahiyəsindən zərbə endirərək, xəsarət yetirib. Bu zaman o, yerindən qalxaraq Sahil Əliyevin yaxasından tutub və sol qulaq nahiyəsindən yumruqla vurub. Həmkəndliləri onların arasında mübahisənin daha da böyüməsinə imkan verməyərək, ayırıblar.

Zərəçəkmiş Sahil Əliyevin ondan üzr istəməməsindən əsəbiləşərək, İsmayıllı rayon Polis Şöbəsinə şikayət edib. Sonradan təqsirləndirilən şəxs ondan üzr istəyib və vurduğu ziyanı tamamilə ödəyib.

Zərərçəkmiş məhkəmə ifadəsində bildirib ki, Sahil Əliyevlə barışıb, ondan şikayəti və tələbi yoxdur. O, iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmə-tibb ekspertizası 19 iyul 2022-ci il tarixli rəyinə əsasən, zərərçəkmiş şəxsin sol göz orbitasının hematoması, gözün subkanyektival qansızması küt əşya təsirindən törənməklə kənar şəxs tərəfindən yetirilməsinin mümkünlüyü müəyyən edilb və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilib.

Məhkəmə tərəflərin barışığını nəzərə alaraq, təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edib.

Əhməd