Dünya 22:40 06.11.2023

Duda bu gün Polşanın baş naziri postuna namizədin adını açıqlayacaq

Polşa prezidenti Anjey Duda ölkənin baş naziri postuna namizədliyi ilə bağlı qərar verib. Onun adı bu axşam Polşa xalqına televiziya ilə müraciəti zamanı açıqlanacaq.

Bu barədə Qaynarinfo Polşa prezidentinin siyasi kabinetinin rəhbəri Marçin Mastalerekin X sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir

"Prezident Anjey Duda məsləhətləşmələrdən və fikirləşmədən sonra artıq ilk addım (baş nazirin namizədliyinin müəyyən edilməsi – red.) barədə qərar qəbul edib. Bu qərar qətidir, ona görə də prezidentə müraciət etmək istəyənlərə axşam nitqini sakitcə izləməyi tövsiyə edirəm”, - Mastalerek yazıb.

Xatırladaq ki, oktyabrın 15-də Polşada parlament seçkiləri keçirilib. Hakim "Qanun və ədalət” partiyası 35,38% səs toplayıb və bu, Seymdə mandatların əksəriyyətini qazanmağa imkan verməyib.

İkinci yeri "Qanun və ədalət”in əsas rəqibi Donald Tuskun rəhbərlik etdiyi "Vətəndaş koalisiyası” tutub.

Dudanın bu yaxınlarda qeyd etdiyi kimi, indi baş nazir postuna iki əsas namizəd var - Tusk və Mateuş Moravetski.

Nizami Bağırov