İdman 10:55 02.12.2022

Dünya çempionatı kubokunun tarixi: Harada və kim hazırlayır?

İkinci dünya müharibəsi dövrü istisna olmaqla, 1930-cu ildən etibarən FİFA tərəfindən 4 ildən bir təşkil edilən milyonlarla insanın diqqətini çəkən Dünya çempionatı bu il Qətərdə keçirilir.

Qaynarinfo xəbər verir ki, indiyə qədər təşkil edilən 21 çempionatda komandalara iki fərqli kubok verilib. 1930-cu ildə Uruqvayda keçirilən ilk Dünya Kuboku təşkilatı fransız heykəltəraş Abel Lafleur tərəfindən hazırlanmış və qədim qələbə ilahəsi Nikenin təsviri olan kubokla başlayıb. Bu dizaynda olan kubok təxminən 40 il istifadə edilib. Əvvəlcə "Qələbə" olaraq da bilinən və daha sonra FİFA-nın keçmiş prezidenti Jül Rimenin adını daşıyan kubokun orijinalı o dövrdə üçqat dünya çempionuna verilirdi. Braziliya Meksikada keçirilən Dünya çempionatında üçüncü dəfə çempion olandan sonra 1970-ci ildə tam sahiblik hüququ ilə "Sambaçılar”ın muzeyinə getdi. 
 


1970-ci ildə baş tutan yarışdan sonra FİFA yeni formalı kubok hazırlanması üçün beynəlxalq müsabiqə keçirdi və bu yarışmada 53 dizayn iştirak etdi. Yarışmanı isə hazırda portfelində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Super Kuboku və UEFA Super Kuboku kimi tanınmış beynəlxalq çempionatların kuboklarının dizaynlarını saxlayan "GDE Bertoni" adlı italyan firmasının rəhbəri, italyan heykəltəraş Silvio Qazzaniqa qazandı. Qazzaniqanın əllərini qaldıran iki qələbə mələyinin tutduğu kürə dizaynı hazırda milyonlarla insanı eyni anda ekrana bağlayan bu mühüm təşkilatın baş mükafatı olmağa davam edir. Son 50 ildə dünya çempionatı deyiləndə ağlımıza gələn bu, unikal kubok Milan şəhəri yaxınlığındakı Paderno Duqnanodakı müəssisələrin birində istehsal olunur.

"GDE Bertoni"nin baş direktoru Valentina Loza, bu əhəmiyyətli futbol kubokunun xüsusiyyətlərini açıqlayıb. Kubokun 38 santimetr hündürlüyündə, 6,2 kiloqram ağırlığında və 18 karatlıq qızıldan ibarət olduğunu bildirən Loza, bu dizaynın ilk dəfə 1973-cü ildə nümayiş etdirildiyini, deyib. O, kubokun ilk dəfə 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi Dünya çempionatında təqdim olunduğunu bildirib.
 


Loza açıqlamasında "Bu kubok o dövrün bədii rəhbəri Silvio Qazzaniqanın"GDE Bertoni" şirkətinin sahibi və babam Eugenio Loza ilə birgə istehsal etdiyi əsərdir. Kubok əvvəlcə futbol topunu havaya qaldıran iki qapıçı formasında hazırlanmışdı. Müxtəlif müzakirələrdən sonra qapıçıların iki qələbə mələyi ilə əvəzlənməsi qərara alınıb. Daha sonra futbol topunun yerini kürə şəkli aldı. Bu, FİFA-ya təqdim edilən son dizayn idi. Orijinal kubok final matçının sonunda təşkil edilən mərasimdə qalib komandaya göndərilir. Sonra aşağıdakı diskdə komandanın adının həkk olunması üçün bizə qaytarılır. Daha sonra FİFA-ya verilir. Bu arada, təbii ki, kubokda hər hansı zədə və ya ləkə varsa, onu əsaslı təmir və bərpa edirik. Qalib komanda orijinal qızıl kuboku deyil, onun üzərinə adı həkk olunmuş qızıl-latun ərintisindən ibarət nüsxəsini alır. Biz indi 2026-cı ildə keçiriləcək Dünya çempionatının bir nüsxəsini istehsal edirik", - deyib.

Qazzaniqa tərəfindən hazırlanmış kubok 1974-cü ildə Qərbi Almaniyada keçirilən Dünya çempionatından etibarən, Franz Bekkenbauer (Qərbi Almaniya 1974), Daniel Passarella (Argentina 1978), Dino Zoff (İtaliya 1982), Dieqo Armando Maradona (Argentina 1986), Lotar Matheus (Almaniya 1990), Karlos Dunqa (Braziliya 1999) , Kafu (Braziliya 2002), Fabio Kannavaro (İtaliya 2006), İker Kasilyas (İspaniya 2010), Filip Lam (Almaniya 2014) və Hüqo Lloris (Fransa 2018) kimi kapitanların əlində göyə yüksəlib. Bu il isə kubok Qətərdə keçirilən Dünya çempionatında qalib komandanın kapitanının əlində ucalacaq. 

Səbuhi Həsənov