Dünya 18:12 02.12.2022

Dünya neft tankerləri sahiblərindən Rusiyaya ağır zərbə: Kütləvi şəkildə imtina

Neft tankerlərinin sahibləri Aİ-nin neft embarqosu səbəbindən Rusiya neftini nəql etməkdən kütləvi şəkildə imtina edirlər. Nəticədə Rusiyadan xammalın dəniz daşınması qiymətləri 1,5 dəfə artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.

Hələ də Rusiya neftini nəql etməyə hazır olanlar daha yüksək risk haqqı tələb edirlər. Belə ki, əgər əvvəllər Baltik dənizindən Hindistana neft daşıyan gəminin daşıma tarifi 9-11,5 milyon dollar idisə, indi bu, 15-20 milyon dollara (bir barel üçün 20 dollar) qalxa bilər, - gəmi brokerləri agentliyə bildiriblər.
Daşıma qiymətinin artırılması Aİ-nin Rusiya neftinə qarşı sanksiyalarının qüvvəyə minəcəyi dekabrın 5-dən sonra Rusiya neft daşıyıcılarının üzləşəcəyi problemləri əks etdirir. Məsələn, Yunanıstandakı ən böyük tanker sahiblərindən bəziləri Rusiya neftinin daşınmasını dayandıracaq.

Daha az gəmilərin olması və Rusiya neftinin Avropadakı ənənəvi alıcılardan Asiya və Yaxın Şərqdəki yeni alıcılara yönləndirilməsi ehtiyacı qiymətləri artırır.
Yükdaşıma xərclərinin artması Rusiyanın Urals neftinin maya dəyərinə güclü təsir göstərir. Noyabrın əvvəlindən neftin qiyməti təxminən 30% aşağı düşüb. Novorossiysk və Primorsk limanlarından daşınarkən barellərin qiyməti 2020-ci ilin sonundakı səviyyəyə - 52 dollara qədər enib, belə ki, Rusiya neftinin qalan az sayda alıcıları endirimlərin 40%-ə qədər artırılmasını tələb edirlər. "Lokoinvest Asset Management” şirkətinin investisiya direktoru Dmitri Polevoy bildirib ki, vergilər də daxil olmaqla Rusiyada hasilatın ümumi maya dəyəri bir barel üçün 50 dollar təşkil edir.

Nəticədə, neft ixracından büdcə gəlirləri azalır və müharibənin əvvəlindən bəri minimum səviyyələri təzələyir: neft ixracatından əldə edilən rüsumlar sentyabrın sonunda həftəlik 150 milyon dolları ötsə də, ardıcıl üçüncü həftədir ki, 120 milyon dollardan aşağı səviyyədədir.

G7 ölkələri və Aİ Kremlin neft gəlirlərini azaltmaq və Ukraynada müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq üçün Rusiya neftinə qiymət həddini tətbiq etməyə razılaşıb.

Sanksiyalar qüvvəyə mindiyi zaman, Avropa banklarına, sığortaçılara və limanlarına Rusiya neftinin alqı-satqısını maliyyələşdirmək, gəmilərdə yükləri sığortalamaq və ya tankerdə neftin qiyməti tavandan yuxarı olarsa, onları boşaltmaq qadağan ediləcək. Lakin hələlik müttəfiqlər qiymət tavanının səviyyəsi ilə bağlı razılığa gələ bilməyiblər.

Bununla belə, Reuters yazır ki, aylarla davam edən çətin danışıqlardan sonra ölkələr Rusiyadan neft alışının hər barelinin 60 dollara qaldırılması barədə razılığa gəlməyə "çox yaxındırlar”.

Nizami Bağırov