Dünya 09:59 26.04.2022

"Dünyada hər kəs Ukraynaya qoyulan mərcin qalib gəldiyini bilir" - Zelenski

"Rusiya Ukraynaya qarşı müharibədə heç nə əldə etməyəcək".

Qayanrinfo xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Facebook” sosial şəbəkəsində yayımlanan müraciətində deyib.

"İki ayda bizə qarşı 1100-dən çox raketdən istifadə etdilər. Saysız-hesabsız hava bombaları, artilleriya atılıb. İşgəncə verdilər, qarət etdilər, gülləbaran etdilər. Torpaqlarımızı minaladılar. Dinc şəhər və kəndləri cəhənnəmə çevirdilər. Ukraynanın bir hissəsi şəhərlər və icmalar daş-divarına qədər dağıdılıb. Amma onlar heç nəyə nail olmayıblar. Heç nəyə nail olmayacaqlar”, deyə Zelenski vurğulayıb.

Prezident bildirib ki, Rusiyanın müvəqqəti daxil olduğu Xerson, Kaxovka, Melitopol, Dneprorudnoye, Enerqodar və digər şəhərlər onlara tabe olmayıb:

"Xalq öz etirazı, işğalçılara münasibəti ilə göstərdi ki, Ukrayna mütləq qalib gələcək. Rusiya haradasa bizim torpağımızda saxta "referendum" keçirmək istəyir? Onlar cəhd etsələr belə, bu, Moskvanın Ukraynanı işğal etmək üçün yaratdığı bütün oyunlar kimi biabırçılıq olacaq".

Xarkov vilayəti, Donetsk, Luqansk - heç bir yerdə rus hərbçiləri çox güvəndikləri bir dayaq qırıntısı belə görmədilər. Amma gördülər ki, bu, tamam başqa dövlətdir. Gördülər ki, burada tamam başqa insanlar var. Özünə güvənən, dövlətinə inanan, özünə hörmət etdiyi üçün başqalarına hörmət etməyi bilən, başqasının malını ələ keçirmək istəməyən, amma öz malından heç nə verməyən, hər şəhəri, hər küçəni, hər yeri müdafiə edən insanlar gördülər", deyə Zelenski əlavə edib.

Ukrayna lideri bildirib ki, artıq dünyada hər kəs Ukraynaya qoyulan mərcin qalib gəldiyini bilir:

"Fevralın 24-də dünyanın əksəriyyəti bir həftədən çox dayanacağımıza belə inanmırdı. Bəziləri deyirdi ki, üç günə bitəcək. Bir ay əvvəl biz müxtəlif dövlətləri Ukraynaya qoyulan mərci udduqlarına inandırmalı idik. Müdafiəçilərimizin cəsarəti, müdrikliyi, bütün ukraynalıların, bütün ukraynalı qadınların cəsarəti sayəsində dövlətimiz azadlıq mübarizəsinin əsl simvoludur. Dünyada hər kəs - hətta bizi dəstəkləməyənlər də bununla açıq şəkildə razılaşırlar. Avropanın taleyi, qlobal təhlükəsizliyin taleyi, demokratik sistemin taleyi indi məhz Ukraynada həll olunur".

Aydın