Dünya 18:25 10.05.2023

Düyünə düşən Suriya böhranı: Çözüm yolu görünmür (ŞƏRH)

"Dörd ölkənin xarici işlər nazirlərinin Moskva görüşündə hər hansı bir prinsipial razılaşmanın əldə olunacağını gözləmirəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirlərinin bu gün Moskvada olacaq dördtərəfli görüşünü şərh edərkən deyib:
 
"Hazırda Rusiyanın əsas diqqəti Ukrayna məsələsinə yönəlib. Türkiyənin diqqəti isə qarşıdan gələn seçkilərə yönəlib. Bu səbəblərdən Moskva görüşündən hansısa prinsipial qərarların qəbul ediləcəyini gözləmək çətindir. Amma bununla belə danışıqlarda bir alt yapı hazırlanmasına çalışılır. Burada əsas məqam odur ki, alt yapının hazırlanmasının mümkünlüyünə də şübhələr var. Çünki faktiki olaraq bölgədə, o cümlədən Suriyada baş verən proseslər fonunda ciddi və dayanıqlı hansısa qərarların əldə edilməsi də müəyyən mənada çətinləşir. Prinsipial məsələlərdə mövqelərin üst-üstə düşməməsinin şahidi oluruq. Bu fonda İran faktorunu xüsusi olaraq qabartmaq istərdim. Keçirilən görüşlərdə ən azından növbəti mərhələlər üçün gündəliyin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılacağını gözləmək olar”. 

Qeyd edək ki, mayın 10-da Moskvada Rusiya, Türkiyə, İrahn və Suriya xarici işlər nazirlərinin görüşü olacaq. Həmin görüşdən bir müddət əvvəl  isə dörd ölkənin müdafiə və təhlükəsizlik xidməti nümayəndələrinin görüşü keçirilib.

Rüfət Sultan