Dünya 15:50 04.10.2022

Əgər KTMT layiqli cavab vermirsə, oradan çıxmaq barədə düşünməliyik - Alen Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfəri zamanı KTMT və Ermənistanla Rusiya arasında qarşılıqlı yardım müqaviləsi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, o bu barədə parlamentdə keçirdiyi brifinqdə bildirib.

Onun rəsmi səfəri oktyabrın 9-na planlaşdırılıb - Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəsmi dəvəti var.

"Ermənistan müqaviləyə aid məsələlərlə bağlı müraciət edib və səhv etmirəmsə, hələ də cavab yoxdur", - spiker bildirib.

Eyni zamanda o, Ermənistanın KTMT-dən çıxmasının vaxtının çatıb-çatmaması sualına cavab vermək istəməyib. Onun sözlərinə görə, çox mümkündür ki, Ermənistan KTMT-dən çıxmağa qərar versin.

"Əgər bu struktur layiqli reaksiya vermirsə, o zaman bu barədə düşünməliyik. Amma bu oyun deyil ki, bundan sonra nə edəcəyimizi və ardınca nələrin gələcəyini anlamadan ani hərəkətlər edək. Bəli, mən problemin olduğu barədə danışacağam”, - Simonyan bildirib.

Bundan əvvəl Simonyan KTMT-ni kəskin tənqid edərək, Ermənistanın təşkilatın sentyabrın ortalarında Azərbaycanla son toqquşmalarda verdiyi reaksiyadan narazı olduğunu qeyd edib. Simonyan hesab edir ki, KTMT mexanizmini işə salmaq lazımdır, əks halda onun mövcud olmadığını hesab etmək olar. Onun sözlərinə görə, kimin xoşuna gəlməsindən asılı olmayaraq, Ermənistan təhlükəsizlik məsələsində özünü məhdudlaşdırmayacaq. Əsas məsələ təhlükəsizlikdir.

Parlament sədri onu da xatırladıb ki, Ermənistanla Rusiya arasında dostluq və qarşılıqlı yardım haqqında saziş də var və onun sözlərinə görə, erməni tərəfi bəyanatlar, yarımçıq sözlər deyil, daha hiss olunan hərəkətlər gözləyir.

Nizami Bağırov