Foto 16:38 28.01.2024

Şəhid Hacıəli Qasımov dəfn olundu (YENİLƏNİB/FOTO)

Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13.27
 
Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan, uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.

Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.
 
11.33
 
19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

Şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.