Ekonomiks 16:38 05.06.2023

Ekspert Mərkəzi Bankın proqnozu ilə razılaşmır: "İnfilyasiya 15 faiz olacaq"

"2023-cü ildə inflyasiya 15 faiz həddində olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun ilin sonunda inflyasiya həddinin 8,3 faiz civarında olacağı barədə proqnozunu şərh edərkən deyib.
 
"Bu rəqəm ölkənin baş bankirinin arzusudur. İstərdik ki, bu arzu reallaşsın. Amma real mənzərə, qiymətlərin bahalaşma tempi inflyasiya həddinin daha yüksək olacağını deməyə əsas verir. Ötən ay 12 faiz həcmində inflyasiya olub. İyun-avqust aylarında qiymətlər mövsümlə bağlı olaraq müəyyən qədər sabitləşə bilər. Lakin sentyabrdan başlayaraq yenidən bahalaşmanın şahidi olacağıq. Bu mənada, ölkədə inflyasiya həddi Mərkəzi Bankın proqnozlarından çox olacaq. Ən azı keçən ilki nəticə təkrarlanacaq. 2022-ci ildə rəsmi inflyasiya səviyyəsi 15 faiz olub. 2023-cü ildə də eyni mənzərənin şahidi olacağıq. Çünki heç nə dəyişməyib. Əksinə, bu il Azərbaycanda bahalaşma ötən ilkilə müqayisədə daha sürətlə gedir”, deyə ekspert vurğulayıb. 
 
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağını bildirib. 

Rüfət Sultan