Dünya 13:27 28.02.2024

Elçin Şıxlı: "Seçkidən sonra Rusiya daha da aqresiv olacaq"

"Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Kremlin qonşu ölkələrə daha aqressiv siyasətinin şahidi olacağıq". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı deyib.

Siyasi analitik bildirib ki, mart seçkisindən sonra Rusiyanın qonşularına münasibətdə daha da sərt münasibət sərgiləyəcəyini indidən ehtimal edə bilərik:

"Rusiya Ukraynanın Avdeyevka şəhərini işğal edib. Ukraynada irəliləyir. Bu fonda kollektiv Qərbin Ukraynanın müdafiəsindən geri çəkiləcəyi ilə bağlı fikirlər səslənir. Belə fikirlərin səslənməsinin müəyyən əsası da var. Belə ki, Ukraynanın təminatını azaldırlar. ABŞ-da respublikaçılarla demokratlar arasında Ukraynaya dəstəyin həcmi ətrafında fikir ayrılığı hökm sürür. Ona görə də Ukratnaya maliyyə  yardımı məsələsi ləngiyir. Almaniya və Fransa kimi Avropa İttifaqının sənaye cəhətdən güclü ölkələri də Vaşinqtondan göstəriş gözləyir. Bu fonda Putin də Qərbin bir qədər tərəddüd içində olduğunu hiss edir. Ona görə də Putin seçkidən sonra özünün güclü olduğunu göstərmək üçün bir qədər də aqressivləşəcək".



Rusiyanın aqressivləşməsinin qonşulara təsirinə gəlincə, həmsöhbətimiz qeyd edir ki, Ukraynadan başqa qonşular arasında Moskva ilə döyüşməyə qadir bir güc yoxdur:

"Ukrayna Rusiyadan kiçik olsa da, ərazi baxımdan Avropanın ən böyük ölkəsidir. Ona görə müəyyən ərazisini itirsə də, müqavimət göstərməkdə davam edir. Keçmiş sovet məkanının digər heç bir ölkəsi isə Rusiya ilə bu qədər uzunmüddətli müharibəyə dözə bilməz və getməz. Putinin digər qonşuları olan Finlandiya və Polşaya hücum edəcəyini isə düşünmürəm. Ola bilsin ki, Baltik ölkələrinə müəyyən qədər təzyiq göstərsin. Qərbi Avropada əksəriyyət hələ də düşünür ki, müharibə Avropada getmir. Amma anlamırlar ki, Ukrayna coğrafi baxımdan elə Avropa deməkdir".

Qeyd edək ki, martın 15-17-də Rusiyada prezident seçkiləri keçiriləcək. Seçkilərdə Putinin qalib gələcəyi şəksizdir. Belə olan halda əksər ekspertlərin qənaətincə, Moskva seçkilərdən sonra qonşulara münasibətdə daha da aqressivləşəcək. 

Rüfət Sultan