Ölkə 17:44 27.02.2023

Elmar Vəliyevə sui-qəsd işi yenidən məhkəmədə

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə və digər cinayət əməllərində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Yunis Səfərov Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Qaynarinfo xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatındadır. İyunun 1-də iş üzrə məhkəmə baxış iclası keçiriləcək. Bundan əvvəl 5 dəfə baxış iclası üçün vaxt müəyyən olunub. Lakin heç birində iclas baş tutmayıb. 

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. 

Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə ittiham olunub. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Yunis Səfərov isə ömürlük azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Seyid