Ölkə 20:40 24.11.2023

Emin Əmrullayev: “Naxçıvanda təhsilin keyfiyyəti Azərbaycanın digər bölgələri ilə müqayisədə yuxarıdır”

"Hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti, müqayisə ilə baxsaq, Azərbaycanın digər bölgələri ilə müqayisədə ortadan yuxarı və yaxud da nisbətən siyahının daha yuxarı hissəsindədir".

"Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət planı var.

"Nümunə üçün deyə bilərəm ki, ümumtəhsil müəssisələrinə direktor və direktor müavinlərinin təyinatı, müəllimlərin işə qəbulu imtahanı, sertifikasiya və bunun nəticəsində əməkhaqqının artırılması ilə bağlı verilən qərarlar, həmçinin, müəllimlərin saat bölgüsü ilə bağlı alqoritmlər, bölgünün hansı qaydada aparılması, digər təhsil müəssisələrinə işə qəbul, şagird yerdəyişməsi və bununla bağlı məlumatların toplanması kimi oxşar prosedurlar mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Bunlarla bağlı artıq bir yol xəritəmiz var. Növbəti il ola bilər ki, müəllimlərin işə qəbulu imtahanı sinxronlaşdırılsın. Amma, təbii ki, burada muxtar respublikanın özəl xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni Naxçıvanda qeydiyyatda olan, Naxçıvanda yaşayan və yaxud da Naxçıvana geri dönmək istəyən insanların burada işlə təmin olunması məsələsi prioritetdir. Digər problemlər də ümid edirik ki, qısa müddət ərzində aradan qaldırılacaq", - E.Əmrullayev vurğulayıb.