İdman 14:00 02.02.2023

Emin Mahmudov "Neftçi"də qalacaq, yoxsa?.. - Klubdan açıqlama

Son günlər Emin Mahmudovun "Neftçi”dən ayrılmaq istədiyi yönündə xəbərlər dolaşmaqdadır. Klubun futbolçuya yeni müqavilə təklif etdiyi, amma onun bu məsələdə tələskənlik göstərməməsi də bildirilir. Bununla yanaşı, Premyer Liqanın turnir cədvəlində bir və ikinci yerlərdə olan "Qarabağ”la "Sabah”ın da Eminlə maraqlandığı dolaşan xəbərlərin arasında yer alır.

"Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departmentinin rəhbəri Rüstəm Allahverdiyev məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, Eminlə danışıqlar apardıqlarını vurğulayıb:



"İdman direktorumuz Eminə yeni müqavilə ilə bağlı şifahi şəkildə öz təklifklərini bildirib. Arada danışıqlar olub, qalır müqavilənin imzalanma məsələsi. Bununla bağlı nəsə yenilik olsa, ictimaiyyətə çatdıracağıq. Onun hazırkı müqaviləsi yayda bitəcək. Hər halda bizimlə danışıqlar aparırsa, yeni müqaviləyə yanaşması normaldır. Biri var futbolçu desin ki, ümumiyyətlə şərtləri müzakirə etmək istəmir. Məsələn, Yusuf Laval kimi. Bakıda qalmaq deyil, dəyişiklik istədiyini dedi. Amma Eminlə bağlı məsələdə belə şey yoxdur. Danışıqlar zamanı yeni müqavilənin müddəti və digər detallar müzakirə olunub”.

Klubun Eminə hansı şərtlərlə yeni müqavilə təklif etməsi ilə bağlı sualı Allahverdiyev belə cavablandırıb: 

"Detalları bilsəm də, indiki vəziyyətdə mətbuata açıqlaya bilmərəm. Amma bu haqda dəqiq məlumatım yoxdur”.

Klubun sözçüsü "Qarabağ”la "Sabah”ın Mahmudovla maraqlanması barədə dolaşan xəbərlərin fərziyyə olduğunu deyib:

"Boş söhbətdir. "Qarabağ” ümumiyyətlə maraqlanmayıb. Bəlkə "Sabah” Eminlə danışa bilər. Amma inanmıram ki, belə olsun. Bu klubardan heç bir rəsmi təklif almamışıq. Yayda xarici klubların bəziləri onuna maraqlanırdı. Amma "Neftçi” ilə müqaviləsi var idi. Son vaxtlar heç bir xarici klubdan təklif almamışıq”.

Səbuhi Həsənov