Dünya 13:45 30.11.2022

Ərdoğan: "Türkiyə Suriya və İraqdakı əməliyyatlara görə heç kimdən izn almayacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriya və İraqın şimalındakı hərbi əməliyyatları "heç kəsi narahat etməməlidir” və Ankara heç kimə bu mövzuda hesabat verməyəcək.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin "cənub sərhədlərində 30 km dərinlikdə təhlükəsizlik zonası yaratmaq” niyyətində olduğunu və "təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almamalı” olduğunu vurğulayıb.

Türkiyə lideri Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada terrorçuların hədəflərinə endirdiyi zərbələrə də münasibət bildirib. "Türkiyənin təhlükəsizliyin və sülhün möhkəmləndirilməsinə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir”, - o vurğulayıb. Onun sözlərinə görə, "heç kim” Türkiyəni "siyasi, diplomatik, iqtisadi və hərbi sahədə maraqlarına zidd mövqe tutmağa” məcbur edə bilməz.

Xatırladaq ki, Türkiyə noyabrın 20-dən Suriyanın şimalında Kobani şəhərinə zərbələr endirərək qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirir. O cümlədən İraqın şimalına da zərbələr endirilməsi barədə məlumat yayılıb. Ərdoğan əməliyyatı uğurlu adlandırıb və bunun ardınca quru əməliyyatı olacağını da istisna etməyib.

Alpər