Siyasət 18:00 17.01.2023

Ərdoğan və Putin hansı məsələləri müzakirə edib? - Ekspert

"Danışıqların əsas məqsədi Rusiya - Ukrayna münaqişəsinin qarşısını almaq, humanitar dəhlizlərə yardımçı olmaq, Rusiyanın gübrə və digər kənd təsərrüfatı məhsullarının ixracına kömək etmək və ikitərəfli iqtisadi, hərbi münasibətləri müzakirə etmək olub”. 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya və Türkiyə dövlət başçılarının telefon danışığını şərh edərəkən deyib. Ekspertin fikrincə, danışıqlarda əsas mövzu "taxıl dəhlizi” məsələsi olub:

"Türkiyə Rusiya danışıqları anlaşılandır. Ankara milli təhlükəsizlik maraqlarından çıxış edərək, Moskva ilə danışıqlara gedir. Rusiya ilə Türkiyə arasında bu səviyyədə danışıqlar mütəmadi olaraq davam edir. Xüsusən də, Rusiya-Ukrayna müharibəsi, Moskvaya yönəlik sanksiyalar, Cənubi Qafqazda baş verən hadisələr fonunda iki ölkə liderləri arasında təmaslar artıb. 



Danışıqlarda əsas mövzu "taxıl dəhlizi” məsələsi olub. Kreml bəyan etmişdi ki, taxıl ixracından daha çox varlı ölkələr faydalanır. Putinin bu mövqeyini dəyərləndirən Ərdoğan ötən dəfəki müsahibəsində bildirdi ki, həmin təklif nəzərə alınıb və taxıl Türkiyə tərəfindən qəbul edilib, dəyirmanlarda üyüdülərək, onun yoxsul ölkələrə ixcracı təşkil olunur. Müharibə dərinləşir, bu da daha böyük humanitar fəlakət vəd edir. Türkiyə müharibədə daha çox vasitəçi və barış mövqeyindən çıxış edir”. 

Ekspert telefon danışığı zamanı tərəflərin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini də istisna etmir:

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsinə də toxunula bilər. Türkiyənin bölgəmizdə Rusiya ilə Monitorinq Mərkəzi timsalında birgə missiyası mövcuddur. Yaxın Şərq, Suriya mövzusunda müzakirə ediləsi kifayət qədər mövzular vardır. Danışıq fonunda yəqin ki, həmin məsələyə də diqqət yetirilib. Təhlükəsilik, dünyada yeni konfiqurasiya məsələsi də danışıqların diqqət mərkəzində ola bilər”. 

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər ölkələrinin əməkdaşlığının hərtərəfli inkişafına bir daha sadiq olduqlarını vurğulayıblar. Həmçinin, enerji sektorunda əməkdaşlıq, Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması ilə bağlı mövzular da müzakirə edilib. Danışıq zamanı Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli "İstanbul sazişi”nin icrası nəzərdən keçirilib. 

Rüfət Sultan