Dünya 17:26 04.09.2023

“Ərdoğan və Rəisi bu məsələləri müzakirə edəcəklər” - Ekspert

"Bu səfər çərçivəsində Zəngəzur dəhlizi məsələsi müzakirə predmeti ola bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İran prezidentinin Türkiyəyə olacaq səfərini şərh edərkən deyib.

"Bildiyiniz kimi, Cənubi Qafqazda cərəyan edən proseslər konkret mövqelərin ortaya qoyulmasına doğru gedir. Türkiyə və İran rəhbərlərinin görüşündə həmin məsələ ətrafında fikr mübadiləsi aparılacaq”, deyə siyasi şərhçi bildirib.

Həmsöhbətimiz görüş çərçivəsində Suriya və İraqdakı proseslərin müzakirə ediləcəyini də istisna etməyib: 



"Rəisinin Türkiyə səfəri fonunda bir sıra məsələlərin müzakirəsi gözlənilir. Həmin görüşdə müzakirə dairəsi çox genişdir. Bura həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə, Suriya və İraqda baş verən proseslər daxildir. Təxminin son 10-15 gün ərzində adını çəkdiyim bu bölgələrdə maraqlı proseslər gedir. PKK ilə toqquşmalar aktivləşib. Bütün bu mövzuların hər biri Rəisinin səfəri zamanı müzakirə masasında olacaq”.

Şərhçi hesab edir ki, Türkiyənin Cənubi Qafqaz və Yaxın Şərqlə bağlı mövqeyi obyektivdir:

"Bu mənada, İran tərəfi də həmin iki bölgə ilə bağlı mövqeyində müəyyən korrektlər və dəyişikliklər etməyə məcburdur. Ona görə də Türkiyədə iki tərəf arasında müzakirə predmeti olacaq fikirlər hansısa bir konsensusa gəlmək üçün əsas verəcək. Amma İranın sonrakı mərhələdə bunu əməli addımlarda ortaya qoyub-qoymayacağını isə zaman göstərəcək”. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Tehranda keçirdiyi mətbuat konfransında İran prezidenti İbrahim Rəisinin yaxın günlərdə Türkiyəyə rəsmi səfərinin gözlənildiyini deyib: "Əməkdaşlıq Şurasının ən yüksək səviyyədə səkkizinci iclası münasibətilə cənab Rəisinin Türkiyəyə səfərini gözləyirik. İnşallah, Rəisi prezidentimizlə görüşəcək”.

Rüfət Sultan