Dünya 12:37 03.11.2022

Ərdoğanın diplomatik qələbəsi - Toğrul İsmayıl Türkiyə liderinin son gedişlərini şərh edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə aktiv şəkildə prosesə müdaxiləsi Rusiyanın çıxdığı "Taxıl sazişi"nə qayıtması ilə nəticələndi. Belə ki, Ərdoğanın dünən Vladimir Putinə etdiyi zəngdən sonra "Taxıl dəhlizi" yenidən açıldı. 

"Rusiya və Ukrayna liderləri ilə bütün gün ərzində, lazım olduğu qədər danışa bilirəm, eyni zamanda, hər iki tərəfin tələblərinə müsbət yanaşıram”, deyə Ərdoğan qeyd edib. 

Bu arada Rusiya Müdafiə Nazirliyi də bəyan edib ki, ölkəsi "Taxıl sazişi"ni bərpa edir. Bu da Putinin Müdafiə Nazirliyinə "Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırmasından sonra baş verib. Lakin Putinin sözlərinə görə, Kiyev verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxladığı üçün bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız verəcək. 

Problemin yenidən çözülməsində oynadığı rola görə BMT Baş katibi Antoniu Quterreş də Türkiyəyə təşəkkür edib. Qurumun sözçüsü BMT Baş katibi Quterreşin Türkiyənin diplomatik cəhdlərindən sonra Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişinə qayıtmasını yüksək qiymətləndirdiyini deyib: "Taxıl dəhlizi yenidən açıldı. Quterreş Türkiyəyə diplomatik səylərinə görə təşəkkür edir və bildirir ki, o, müqavilənin yenilənməsi və Rusiyanın ərzaq və gübrə ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün bütün tərəflərlə danışıqlara davam edir”. 

Qeyd edək ki, bir müddət əvvəl Kreml Ukraynanın pilotsuz aparatlarının Rusiyanın Qara dənizdəki gəmilərinə hücum etdiyini iddia edərək "Taxıl sazişi"ndə fəaliyyətini dayandırmışdı. Lakin prosesə Türkiyə Prezidentinin fəal müdaxiləsi nəticəsində Moskva yenidən sazişə qayıtdığını bəyan edib. Bu hadisə bir daha göstərir ki, məhz Ərdoğanın səyləri, diplomatik fəaliyyəti "Taxıl sazişi"nin pozulmasının qarşısını almağa kömək edib. 

Siyasi şərhçi Toğrul İsmayıl Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyanın yenidən taxıl razılaşmasına qayıtması Türkiyə Prezidenti Ərdoğanın xarisi siyasət sahəsində ustad və mahir diplomat olmasının nəticəsidir:


 
"Türkiyə və Rusiya münasibətləri birmənalı deyil. Problemlərlə yanaşı, müsbət hallar da çoxdur. İki ölkə enerji sahəsndə ciddi iş birliyindədir. Bu uğurların əldə edilməsində təbii ki, Ərdoğanın özəl bacarıq və qabiliyyəti məsələsi də var. Ərdoğan tək liderdir ki, həm Ukrayna, həm də Rusiya prezidentlərilə dialoq qura bilib, savaşan iki ölkəni bir araya gətirə bilib. Ötən müddət ərzində məhz Türkiyənin vasitəçiliyilə öncə bu iki ölkənin xarici işlər nazirləri arasında görüş baş tutdu. Ardınca İstanbulda daha geniş heyətin görüşləri oldu. Habelə Türkiyənin birbaşa  vasitəçiliyilə əsirlər mübadiləsi də həyata keçirilib. Eyni zamanda, "Taxıl dəhlizi" kimi ciddi bir məsələnin həlli də Türkiyənin artan rolunun, xüsusən də Ərdoğanın xarici siyasətdə ustalığı və məharətinin göstəricisidir. Ərdoğan liderlərlə dialoq qurmaq məharətinə malik siyasətçidir. Bu mənada Putinlə qurulan dialoq olduqca vacibdir. 

Rusiya Qərbin sanksiyaları ilə boğuşarkən, Türkiyə yeganə ölkədir ki, öz ərazisini hələlik Rusiya üçün qapatmayıb. Rusiya üçün Türkiyə önəmli tərəfdaşdır. Bunu  da unutmayaq ki, Sevastopol limanında törədilən aksiyadan sonra Rusiya "Taxıl sazişi"ni dayandırmışdı. Türkiyə bu fonda Rusiyaya yazılı təminat verməklə onları razı sala bilib. Bir sözlə, münasibətlərin bu şəkildə getməsi Ərdoğanın diplomatik məharətinin nəticəsidir. Son illər Türkiyə və Rusiya liderləri tez-tez bir-birilə  görüşüb, bir-birini ziyarət edib. Belə görüşlərə hər zaman ehtiyac olub və ehtiyac olmaqda da davam edəcək”. 

Rüfət Sultan