Siyasət 18:27 20.10.2022

Ərdoğanın İrana mesajı: Azərbaycan yalnız deyil - Politoloq

Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında  iştirak ediblər. Ardınca onlar Zəngilanda "Dost Aqropark”ın açılış mərasiminə qatılıblar. Eyni zamanda, səfər çərçivəsində Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edib.

Bundan sonra Ərdoğanın İlham Əliyevlə təkbətək görüşü keçirilib və birgə mətbuat konfransında çıxış ediblər.

Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev qeyd edib ki, son olaylar fonunda Ərdoğanın Zəngilana gəlişi simvolik məna kəsb edir:



"Bu səfər öncədən planlaşdırılıb. Füzuli aeroportunun açılış mərasimində Ərdoğan bildirmişdi ki, növbəti aeroportun açılış mərasimində də Azərbaycanda olacaq. Hətta bundan sonra həmin bölgədə daha bir aeroportun açılışı planlaşdırlıb ki, Ərdoğanın onda da ölkəmizə gəlişi mümkündür. 

Hazırkı açılışda Ərdoğanın iştirakının simvolik mənası var. Bir neçə gündür ki, İran Azərbaycanla sərhəddə təlimlər keçir. Görünən odur ki, İran Zəngəzur dəhlizilə bağlı sərhədlərin dəyişəcəyi təqdirdə onu cavabsız qoymayacağı mesajı üzərində dayanmaqdadır. İranın təlimlərin bir hissəsi olaraq xüsusən də Araz çayı üzərindən körpünün salınmasını məşq etməsi fonunda Ərdoğanın səfəri olduqca müstəsna əhəmiyyət daşıyır və xüsusi simvolik mənası var. Bununla aydın şəkildə Tehrana mesaj verildi ki, Araz çayı üzərində körpünün salınması məşqi elə bir şey deyil. Çünki Azərbaycan tək deyil. Türkiyə bütün məsələlərdə olduğu kimi, burada da ölkəmizin yanındadır. 

Aeroportun açılışı zamanı kəsilən qırmızı lent İrana Türkiyə ilə Azərbaycanın siyasi birliyinin bütün qırmızı xətləri keçməyə qadir olduğunu göstərən bir mesajdır. Ərdoğanın aeroportda "Zəngəzura xoş gəlmisiniz” plakatı ilə qarşılanması, iki ölkə başçısının verdiyi mesajlardan görünür ki, bu səfər heç də əvvəlki kimi planlaşdırılmlş səfər xarakteri daşımır. Son proseslər olmasaydı, buna adi səfər kimi yanaşa bilərdik. Amma İranın son addımları fonunda Ərdoğanın səfəri olduqca simvolik məna daşıyır. İran ölkəmizə qarşı atacağı istənilən addımın qarşısında tək Azərbaycanı deyil, həm də Türkiyəni görəcək”. 

Rüfət Sultan