Siyasət 16:30 30.06.2023

Ərdoğanın Rəisiylə danışığı İranın Azərbaycana qarşı mövqeyini dəyişəcəkmi?

"Bu məsələdə bir o qədər də optimist deyiləm”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyə prezidentilə iranlı həmkarının telefon danışığı fonunda Tehranın Azərbaycana münasibətdə son zamanlar yürütdüyü siyasətini yumşaldıb-yumşaltmayacağı sualına cavabında deyib.

"Bu müzakirələr zamanı ən azı Zəngəzur dəhlizi, ümumiyyətlə, Cənubi Qafqazdakı proseslər, xüsusən də Azərbaycan-Ermənistan münasibətlərinə toxunulduğu şübhəsizdir. Ərdoğan xeyli əvvəl Zəngəzurla bağlı açıqlama da verərək, İranın həmin məsələdə tutduğu mövqeyinin doğru olmadığını dilə gətirmişdi. Bu mənada Rəisi ilə telefon danışığında Ərdoğanın Türkiyənin mövqeyini bir daha İranın nəzərinə çatdırdığını ehtimal etmək olar.

Amma bu danışığın nəticəsi olaraq İranın Cənubi Qafqaza və burada baş verən proseslərə münasibətində korrektlər edəcəyinə o qədər də əmin deyiləm. Görünən odur ki, indiyədək verilən bütün mesajlara rəğmən, İran radikal və qeyri-adekvat münasibətini davam etdirir. Bundan sonrakı dövrdə hansısa yumşalmaların olub-olmayacağı, korrektlərin edilib-edilməyəcəyini isə zaman göstərəcək. İndilikdə isə bu barədə dəqiq nəsə demək olmaz”, deyə ekspert bildirib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Rüfət Sultan