Xəbər lenti

Dünya 17:58 09.01.2024

Ərdoğanla-Putin görüşəcək - Hansı məsələlər müzakirə olunacaq? (ŞƏRH)

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin görüşəcəksə, müəyyən məsələlər üzrə bəzi razılaşmalar əldə olunacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Türkiyə və Rusiya prezidentlərinin görüşü ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, bu görüş çoxdan planlaşdırılsa da, vaxtı bir neçə dəfə təxirə salınıb:

"Hər iki tərəf isə rəsmi olaraq təxirə salınmanı prezidentlərin iş qrafiki ilə əlaqələndirib. Amma görünür, hələ həlli yetişməyən müəyyən məsələlər  də var. Prezidentlər görüşəndə adətən hansısa məsələləri həll edirlər. Bunun üçün də vəziyyət tam hazır olmalıdır. Ehtimal ki, bu günə qədər təxirəsalınma bununla əlaqədar olub".
 


Həmsöhbətimiz bildirib ki, ola bilsin, ticarət məsələsində hələ həll edilməli bir sıra məqamlar barədə öncədən razılıq əldə edilib:
 
"Bundan əlavə Türkiyə və bir neçə ölkəyə Rusiyaya sanksiyadan yayınmaqda kömək etdikləri iddiaları irəli sürülür. Görüşün bir neçə dəfə təxirə salınması birgə addımlar atmaq baxımından Fələstin-İsrail münaqişəsilə bağlı da ola bilər. Türkiyə ilə Rusiya arasında müzakirə olunası çoxsaylı məsələ var: iki ölkə arasındakı münasibətlər, Azərbaycan-Ermənistan münasibətləri, kommunikasiya xətləri, Ukrayna məsələsi və s. Ərdoğan taxıl sövdələşməsinin bərpası istiqamətində səylərini davam etdirəcəyini bildirib. İsrail-Fələstin münasibətləri də müzakirə predmeti olacaq. Bu məsələdə Ankara ilə Moskvanın mövqeyi xeyli dərəcədə yaxındır. İki ölkə ticari əlaqələrini əhəmiyyətli dərəcədə artırmağı da planlaşdırır".

Arif Əlievin fikrincə, görüşün bir neçə dəfə təxirə salınması, bir çox problemlərin yüksək kəskinlik səviyyəsinə çatması onu göstərir ki, Putinlə Ərdoğan görüşəcəksə, müəyyən məsələlər üzrə hansısa nəticələr əldə edəcəklər:

"Ola bilsin ki, həmin nəticələr elan edilməsin. Amma görüşün boş, sadəcə salamlaşmaq xatirinə olmayacağına əminəm”.
 
Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında diplomatik kanallar vasitəsilə görüş hazırlanır. Amma görüşün tarixi və yeri hələ müəyyən edilməyib. 

Xatırladaq ki, Ərdoğanla Putin arasında görüş məsələsi artıq neçə müddətdir müzakirə edilir. Lakin bir neçə dəfə görüş təxirə salınıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?