Siyasət 14:35 01.02.2023

Ərəstun Oruclu: "Bölgədə yeni müharibə fəlakətlərə səbəb ola bilər”

"Geosiyasi mübarizə həlledici mərhələyə yaxınlaşdıqca, dərin analitik yanaşmalar və siyasi müzakirələr pafos, yalan, şər, qarayaxma və təhdidlərlə əvəzlənir. Bu da həmin mərhələdə qarşıda duran vəzifələrin xarakterindən və tələblərindən irəli gəlir. Çünki mübarizə aktiv fazaya keçdikdə rasional müzakirələr bitir və kobud güc metodları işə düşür”.
 
Qaynarinfo-nun məlumatına görə, belə bir açıqlama ilə "Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu çıxış edib. 

Ekspertin sözlərinə görə, belə vəziyyət təkcə hadisələrin mərkəzində yerləşən ölkələr üçün deyil, həm də mübarizə tərəfləri olan böyük güclər üçün də xarakterikdir:
 
"Elə həmin səbəblərdən də informasiya məkanlı durmadan yalanlar və dezinformasiyalarla doldurulur. Məsələn, iki gün əvvəl Ukrayna kanallarının birinə müsahibə verən israilli jurnalist iddia edib ki, İranın hərbi obyektlərinə İsrail kəşfiyyatı tərəfindən zərbə endirən kvadrokopterlər Azərbaycan ərazisindən iki nöqtədən buraxılıb. Belə ağ yalanın ilk baxışdan heç ifşasına da ehtiyac yoxdur. Ən azı ona görə ki, təxribatçının özünün dediyi kimi İran rəsmiləri onların ölkənin öz ərazisindən qaldırıldığını bildiriblər. Üstəlik də kvadrokopterlər öz texniki imkanlarına görə bu qədər məsafəyə uça bilməzlər. Amma bunu araşdırıb dəqiqləşdirmək həmin xəbəri eşidən neçə nəfər üçün maraqlı ola bilər? Yəqin ki, çox az sayda insan bunu bilir və daha az sayda şəxs də araşdırmağa çalışacaq. Yəni, əksəriyyətə hesablanmış "qara piar" öz işini görür”. 

Ə. Oruclunun fikrincə, belə bir xəbərin yayılmasında Moskva maraqlı olub:
 
"Maraqlıdır ki, həmin "xəbəri" ilk yayan bədnam Semyon Peqov olub. Bunun ardınca çoxsaylı YouTube kanallarını zəbt edən Rusiya ekspertləri ölkələrinin Yaxın Şərqdəki maraqlarını təmin etmək üçün Azərbaycan və İran üzərindən keçməklə, həmin bölgəyə daxil olması haqda çıxışlar edirlər:
 
”Maraqlı sual ortaya çıxır ki, Rusiya bunu hansı halda, şəraitdə və şərtlər çərçivəsində edə bilər? Burada da iki variant mümkündür:1. Həm Azərbaycanın, həm də İranın razılığını alaraq; 2. İki ölkə arasında münaqişə, daha doğrusu müharibə yaratmaqla. Məlumdur ki, birinci variantın baş tutma ehtimalı daha azdır, çünki Rusiyanın təsir dairəsinə düşmək nə Azərbaycanın, nə də İranın marağında deyil. Şərq-Qərb iqtisadi əlaqələrinin təmin olunmasında iştirak dəfələrlə daha əlverişlidir, nəinki Rusiyanın həmin əlaqələri əngəlləmək üçün nəzərdə tutduğu Şimal - Cənub layihəsinin şəriki olmaq. Özü də təkcə iqtisadi səmərə baxımından yox, elə siyasi və təhlükəsizlik nöqteyi-nəzərindən də. Deməli, bu halda seçim ikinci variantın üzərinə düşür. Təbii ki, söhbət Rusiyanın seçimindən gedir, amma bunun üçün də bölgədə hərbi qarşıdurma olmalıdır ki, o, Rusiyaya müdaxilə üçün əsas versin. Məsələn, cənub sərhədlərində sabitlik yaratmaq və təhlükəsizliyini təmin etmək adı altında. Bu halda isə daha qısa müddətdə effektiv olan təxribatlar və digər oxşar resurslar var gücü ilə işə düşür”. 
 
Həmsöhbətimiz qeyd edir ki, İran bir çox məsələlərdə Rusiya ilə yaxın tərəfdaş olsa da, Tehran öz maraqlarını qorumaq məsələsində ən yaxın tərəfdaşına da güzəştə getməyəcık:"Amma İran hakimiyyətinin daxilində Moskvaya daha yaxın olan qruplar bu işdə yardımçı ola bilər. Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu və onun siyasi hakimiyyətdəki dayaqları. Bir qədər də dəqiq desək, "Korpus" İran xarici siyasətində Rusiya vektorunun tərəfdarı hesab olunur. Bu mənada, təsadüfi deyil ki, ABŞ tərəfindən qətlə yetirilən "Qüds" korpusunun komandanı, general Süleymani Rusiyada daim birbaşa prezident Putin tərəfindən qəbul olunurdu. Amma İran xarici siyasətində Pekin və Qərb yönümlü siyasət tərəfdarları da az deyil. Əslində, Pekin və Qərb xətlərini üst-üstə düşən istiqamətlər kimi də qəbul etmək və "Şərq-Qərb" vektoru adlandırmaq olar”. 

Politoloqun fikrincə, Azərbaycanla İran arasındakı gərginlik və bölgədəki digər hadisələr bu rakursdan dəyərləndirilməlidir.

Dəyərləndirmə isə yalnız siyasi, iqtisadi və geosiyasi bucaqlardan baxış olduqda və həmin meyarlarla mümkün ola bilər:”Amma nə İranda, nə də Azərbaycanda nəinki belə yanaşma üçün şərait yoxdur, hətta əksinə, hadisələr unison olaraq gərginliyin artması istiqamətində inkişaf edir. Daha doğrusu, inkişaf etdirilir”.

Ə.Oruclu düşünür ki, bunun nəticəsində uğur qazanan bölgə ölkələri deyil, həmin ölkələrin yerləşdiyi coğrafiyanı xəritənin bir parçası kimi nəzərdən keçirən böyük güclər olacaq:"Odur ki, bu gün ölkəsinin təhlükəsiz gələcəyini düşünən hər kəs bütün mümkün təhdidləri nəzərə almadan həqiqəti deməlidir. Həqiqət isə belədir: bölgədə istənilən müharibə yalnız hər kəsi fəlakətə sürükləyə, ölkələrin suverenliyini məhdudlaşdıra və onları inkişafdan saxlaya bilər. Bunu deməmək isə təkcə çeşidli dələduzlara və ucuz populistlərə meydan vermək deyil, həm də üzərinə ciddi tarixi məsuliyyət götürməkdir. Son iki yüz il ərzində müharibələri daim kəşfiyyatçılar təhrik edib, hərbçilər başlayıb və diplomatlar bitirib. Müasir dövrümüzün əsas xüsusiyyəti isə budur ki, sanki hər üç mərhələdə əsas ton verənlər aşağı əyarlı təxribatçılardır”. 

Rüfət Sultan