Siyasət 18:03 16.01.2024

"Ermənilər yeni savaşdan danışırlar, amma..." - Ekspert

"Bu bəyanat erməni xalqını Paşinyan hakimiyyətinə qarşı qaldırmaq məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Qarabağ separatçılarının keçmiş nümayəndəsi Ayk Xanumyanın 2024-cü ildə Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalının yüksək odluğu barədə fikirlərini şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, istər Ermənistan müxalifəti, istərsə də keçmiş qondarma rejimin qalıqları Bakıda qəbul edilən, verilən bəyanat və qərarları diqqətlə izləyirlər:

"Bu da bölgənin müqəddəratının artıq Bakının həll edilməsi ilə bağlıdır. Paşinyanın çətin durumda qalması, ölkə daxilində olan rəqibləri ilə dil tapa bilməməsi, Ermənistan uğrunda geosiyasi rəqabətin güclənməsi İrəvandan verilən qərarların ziddiyyətli və dayanıqlı olmadığını göstərir. Bakının bu istiqamətdəki bəyanat və açıqlamaları isə təmkinli və qalıcı nəticələrilə seçilir. Qondarma rejim nümayəndəsinin həmin açıqlaması heç şübhəsiz bu ilin yanvarın 10-da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlərilə əlaqədardır. Dövlət başçısı demişdi ki, Ermənistanla sülh danışıqları aparacağıq. Amma bu danışıqlar nəticə verməsə, digər variantlara da əl atılacaq. O zaman istər işğaldakı 8 anklav kəndin azad edilməsi, istərsə də Naxçıvanla Azərbaycanı birləşdirən istiqamətdə kommunikasiya xətlərinin açıqlması ilə bağlı Bakının israrlı olacağını erməni cəmiyyəti daha yaxşı bilir". 



Ekspert bildirib ki, Azərbaycan maksimum dərəcədə sülh variantının reallaşmasına üstünlük verir. 

"Amma sülh gözlənilən nəticəni verməsə, alternativ variantlar da masaya yatırıla bilər. Separatçıların nümayəndəsinin sözügedən fikri ilk növbədə erməni xalqını Paşinyan hakimiyyətinə qarşı qaldırmaq məqsədinə xidmət edir", deyə Taleh Əliyev vurğulayıb.

Qeyd edək ki, qondarma Qarabağ separatçılarının keçmiş nümayəndəsi Ayk Xanumyan Azərbaycanın aqressiv ritorikadan istifadə etdiyini və hərbi potensialını gücləndirdiyini iddia edib:
 
"Mən Azərbaycan tərəfdən müharibəyə hazırlıq görürəm və hesab edirəm ki, 2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir".

Onun sözlərinə görə, Azərbaycan İran tərəfi ilə məsələləri həll edə bilsə, Zəngəzura hücum edə bilər. 

Rüfət Sultan