Azər Rəşidoğlu
Siyasət 12:30 29.06.2022

Ermənilərin əlində olan Rusiya mətbuatı artıq Azərbaycana dost olacaq? (TƏHLİL)

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. 

Rusiya KİV-in Azərbaycanın maraqlarına ardıcıl zərbələr endiridyi bir zamanda belə sazişin imzalanamsına fərqli münasibətlər mövcududr. Ənənəvi olaraq Rusiyanı "böyük qardaş” simasında görənlər iddia edir ki, Moskva düşdüyü vəziyyətlə bağlı informasiya təhlükəsizliyini müəyyən qədər sığortalamaq istəyir və odur ki, Bakıya qarşı apardığı təbliğata son verəcək. Azərbaycan da Rusiyanın informasiya hücumlarının qarşısını almaqda və ya azaltmaqda maraqlıdır. Lakin bu saziş Rusiya mediasındakı anti-Azərbaycan təbliğatının qarşısını alacaqmı? Nəzərə alaq ki, RF-nin aparıcı media qurumlarına nəzarət edənlərin əksəriyyəti etnik ermənilərdir. Elə rus millətçilərinin özləri də Bakıya qarşı qərəzlidirlər. Belə olan təqdirddə Kreml bu sazişi niyə imzalayırdı? Məsələ ondadır ki, Rusiya Ukrayna müharibəsinə görə dünya tərəfindən tənqid edilir. Əksər media orqanları Rusiyanın işğalçılıq siyasətini pisləyir. Dünyada ictimai rəy rusların əleyhinədir. Bu baxımdan, Rusiyanın sazişi imzalamaqda əsas məqsədi Azərbaycan mediasında Ukrayna müharibəsi ilə bağlı gerçək məlumatlaırn qarşısını almaqdır. Bir sözlə, Rusiya bu sazişlə anti-Azərbaycan yazılarına son qoymayacaq, sadəcə, Azərbaycanda Rusiya əleyhinə gedən təbliğatı dayandırmaq istəyir. 

Azərbaycan saytları niyə bloklandı?

Kreml Ukraynaya qoşun yeridən kimi bu mövzu ilə bağlı məlumat yayan Azərbaycanın üç saytına (oxu.az, minval.az, haqqin.az) öz ərazisində girişi blokladı. Rusiyanın təsir dairəsində olan Azərbaycanın bəzi media orqanları da bu mövzuda Kremlin qəzəbinə səbəb olacaq materialları dərc etməkdən imtina etdi. Hətta ölkədə sosial şəbəkələrdə də Rusiya əleyhinə tənqidi yazılara müəyyən dairələr məhdudiyyətlər tətbiq etdi. Lakin Rusiya mediasına bunun az təsiri oldu, Kreml Bakını şantaj etməkdə davam etdi. Bakı Kremlin apardığı informasiya savaşına cavab verməli oldu və Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən "RİA Novosti" ölkə ərazisində bloklandı. Bu isə Rusiyanı narahat etdi. Daha sonra "Sputnik Azərbaycan” saytının rəhbərliyi ölkədən çıxardıldı. Bu proses inkişaf edirdi və Kreml artıq təşvişdə idi. Bakıda imzalanan sazişdən sonra həmin saytların Azərbaycanda sərbəst fəaliyyəti tam təmin olunacaq. Rusiya mediası da Azərbaycana qarşı siyasətini dəyişəcəkmi? Ritorik sualdır.

Yolumuz Qərbədir

Rusiya niyə müstəqil Azərbaycanı küncə sıxmaq istəyir? Nəzərə alaq ki, Azərbaycan hakimiyyəti son 10-15 il ərzində Rusiyanı qıcıqlandıracaq hansısa addım atmayıb və balans siyasəti yürüdüb. Lakin Kreml ondan narahat idi ki, Azərbaycan Qərb ilə sıx əlaqələr istiqamətində müzakirələr aparır. Yenə də faktlara diqqət edək. 

2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizliklə bağlı qəbul etdiyi konsepsiyasında göstərilirdi ki, Avro-Atlantik məkana inteqrasiya dövlətin əsas strateji xəttidir. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi məcbur etdi ki, Azərbaycan öz strateji sənədlərinə yenidən baxsın. 2008-ci ilin sonunadək qəbul olunmalı olan hərbi doktrina 2010-cu ilin yanvarında təsdiq edildi. Azərbaycan Rusiya amilini nəzərə almalı oldu. Lakin Bakı bir çox hallarda Qərblə əməkdaşlığa üstünlük verir. Rusiya isə Azərbaycanın Qərblə münasibətlərinin korlanmasında maraqlıdır. Belə ki, Kreml rəsmiləri Azərbaycanla bağlı çıxışlarında deyirlər ki, "Qərb Azərbaycanda çevriliş hazırlayır, bu ölkədəki inkişafı görmür”. Belə təbliğat əslində Azərbaycan iqtidarını şantaj etmək anlamına gəlir.

Faktlar nə deyir?

44 günlük savaş zamanı Azərbaycan Rusiya KİV-nə qarşı da duruş gətirməli oldu. Rusiyanın kütləvi informasiya vasitələrinin əksəriyyəti ("Россия 24", "Россия 1", "Dojd", "Россия сегодня", RBK kanalları, "WarGonzo" layihəsi) münaqişə ilə bağlı qeyri-obyektiv mövqe nümayiş etdirdilər. "Sputnik Ermənistan” erməni təbliğatı üçün əsl təbliğat ruporuna çevrildi. "Dağlıq Qarabağ Respublikası”, "Dağlıq Qarabağın prezidenti”, "Dağlıq Qarabağ Respublikasının paytaxtı” kimi ifadələr bu günə qədər bu saytda işlədilir. Savaşın ilk günlərindən başlayaraq, Rusiyanın internet saytlarında (Qazeta.ru, Lenta.ru) və TACC, İnterfax, Ria Novosti informasiya agentliklərində dərc edilən xəbərlərdə Qarabağın ermənilərə məxsus olması barədə geniş məlumatlar dərc edildi. Azərbaycanın apardığı anti-terror əməliyyatı "sivil insanların qətli, dinc əhalinin deportasiyası” kimi təqdim edildi. Rusiyanın ən böyük dövlət informasiya agentliyi TACC-ın Qarabağ konfliktinin işıqlandırılmasında Ermənistan haqqında yazıları dominantlıq təşkil etdi. Belə ki, 27 sentyabr-1 noyabr tarixlərində 40 açıqlama Ermənistandan, 28 açıqlama Azərbaycandan alındı, 31 yazı isə ümumi xarakterli olsa da, ermənilərin tərəfini saxladı. 3-10 noyabr tarixlərində 32 xəbər Ermənistanın, 3 xəbər Azərbaycanın mövqeyi ilə bağlı oldu.

Rusiya nə istəyir?

Etiraf etmək lazımdır ki, Rusiya müstəqil Azərbaycan ideyasını qəbul etmir. Kremlə tabe olan media daima Azərbaycan əleyhinə yazılar dərc edib və bu gün də bu siyasət davam edir. Azərbaycan Kremlə lazım olduğundan çox güzəştə getdiyindən qarşı tərəf daha da aqresivləşir və bu da onu daha çox tələblərdə bulunmağa təhrik edir. Rusiya Azərbaycanın Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olmasını istəyir, bundan başqa, onun Avropa bazarlarında enerji dayşıyıcılarının təchizatçısı kimi rəqibi olmasını, Azərbaycanın enerji daşıyıcılarının Qərbə daşınmasında tranzit ölkəyə çevrilməsini istəmir. Moskva Azərbaycanın Rusiyanın forpostu olmasını, müstəqil mövqeyi olmamasını istəyir. Rusiya Azərbaycanın xarici siyasətindən, xarici iqtisadi maraqlarından imtinasını arzulayır. Moskva Azərbaycanın siyasi rəhbərliyinə öz şəxsi münasibətini və narazılığını Rusiya mətbuatı vasitəsilə nümayiş etdirir. Rusiya Azərbaycanda hərbi təmsilçiliyini bərpa etmək niyyətindədir. Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində baş tutan hərbi təmsilçilk Kremlə kifayət etmir. Məsələ ondadır ki, bu gün İran ətrafında ciddi proseslər gedir. Proseslərin gələcək inkişafı məlum deyil. Qərb bu ölkəyə yeni sanksiyalar tətbiq edə bilər. İndiki durumda isə  Rusiyanın İrana birbaşa çıxışı yoxdur. Bu ölkənin Azərbaycanda tam təmsilçiliyinin bərpası isə durumu dəyişə bilər. Bir sözlə, Kreml Azərbaycana qarşı münasibətdə səmimi deyil. Odur ki, "Lavrov sazişi”ndən də ciddi nəsnə gözləmək yersizdir...

Azər Rəşidoğlu