Aqşin YENİSEY
Ölkə 09:51 16.11.2022

Erməninin Kim Qardaşyanı, bizim Üzeyir Mehdizadə...

Avrosentrik baxış: Şərq ekzotikdir, Qərb dünyəvi

Qərb orientalistləri arasında ən zəif mövqe sahibi olmasına baxmayaraq, Şərqə avrosentrik baxışın bir cümlədə tərifini verən Karl Marks yazdığı "Lüdviq Bonapartın 18 Oktyabr günü” əsərində deyirdi: 

"Onlar (şərqlilər) özlərini təqdim edə bilmirlər, onları təqdim etmək lazımdır”. 

Beş yüz ildir ki, Şərq, xüsusilə müsəlman Şərqi özünə Qərb güzgüsündə baxır, həm də əynindəki orientalist Qərb dərzilərinin biçdiyi qiyafətlə. 
Modern çağın icadlarından biri də mədəni imperializmdir. Kişiyana desək, Avropanı təmsil etməyən, ekzotik mədəniyyətlərə yuxarıdan aşağı baxmaq. 

Avropa Parlamenti 1996-cı ildə rəsmi sənədlərdə "irq" kəlməsinin yazılmasını qadağan etdi. Bu qadağa ona, alman filosofu Teoder Adornonun sözləri ilə desək, siyasiəti mədəniyyətdən ayırmaq, daha doğrusu, siyasi imperializmi mədəni imperializmin arxasında gizləmək üçün lazım idi. 
Qərb düşüncəsinə görə, modernizm Qərbin milli dəyəridir. Yalnız Qərb və onun açıq, gizli müstəmləkələri modern mədəniyyət yarada bilər. Digərləri ekzotikdir və ekzotik qalmalıdır. Qərb müsəlman Şərqinin modern üzünü sevmir. Siz onun üçün muğam zarıyan, yallı gedən, xalça toxuyan, meyxana oxuyan ekzotik mədəniyyətin daşıyıcılarısınız. Əgər onun mədəni hegemonluğunu qəbul etməsəniz, belə də qalacaqsınız. Bir müsəlman, ya da bir afrikalı modern mədəniyyət yarada bilməz, lakin onun ekzotikası ən nüfuzlu mükafata və alqışa  layiqdir.

Qərbin, postmodernist muğam ifaçısı Alim Qasımovun sənətinə verdiyi dəyər onun, aktyorlarından və dekorundan başqa heç bir modern yanı olmayan müasir İran kinosuna verdiyi dəyərlə eynidir. Əslində, muğamı dəyərləndirməklə Qərb bizi predmodern, yəni modern mədəniyyətin problem və mövzularından xəbəri olmayan xalq kimi göstərib kiçiltmək məqsədi güdür.

Məsələn, Qərbdə Azərbaycanın modern simfoniyalarının bəstəkarı Fikrət Əmirovu üç-beş musiqiçidən başqa heç kimi tanımır. Hətta tanısa belə, onu Azərbaycan mədəniyyətinə nümunə kimi göstərməz. Çünki Fikrət Əmirov bir modernistdir. Həm də Qərb mədəniyyətindən kənarda milli bir modernistdir. 

Yaxud illərdir adı Nobel mükafatına namizədlər arasında çəkilsə də, dünyaca məşhur ərəb modernist şairi Adonis hər il "ehtiyat oyunçular skamyası”na göndərilir. Onun yerinə dünyada heç kimin şair kimi tanımadığı Bob Dilan mükafatlandırılır və adam layiq olmadığı ödülü aparıb evində yuxarı başa qoymamış bütün dünyada unudulur.    

Eləcə də Üzeyir Hacıbəyov hər nə qədər muğamı özünün simfonik əsərləri üçün təməl götürsə də, modernist idi, həm də milli modernist. Avropa Orxan Pamuku da osmanlı ekzotikasını yaşatdığı üçün alqışlayır. Çünki bu ekzotikada özünün yaratdığı osmanlı qürubunun gözəlliyini seyr edir. 

Demək istədiyim odur ki, avropalının muğam, yaxud musiqili meyxana sevgisi mədəni imperializmin Azərbaycan mədəniyyəti üçün qurduğu tələdir. Heç bir müasir problemin qoyulmadığı və həll olunmadığı ekzotik sənətə yabançı sevgi bizi gələcəyin baxar korlarına çevirmək üçündür. 

Məsələnin milli tərəfinə gəlincə, hər bir xalq öz mədəni potensialını bilir. Ermənilər dünyada heç bir mədəni dəyəri olmayan bədəni ilə ad çıxarmış Kim Qardaşyanı göylərə qaldırırlar. Çünki bilirlər ki, mədəniyyətlərinin əlinin üstündə daha üstün bir mədəniyyətin əli olmasa dünya səviyyəli heç nə yarada bilməyəcəklər. Azərbaycanlılar isə dünyaya bədəni ilə deyil, əsəri ilə çıxan Çingiz Abdullayevə, Üzeyir Mehdizadəyə ağız büzürlər. Çünki bilirlər ki, hər iki sənətkar Azərbaycanın mədəni potensialının altında olan sənət adamlarıdır. Azərbaycanın mədəni potensialı imkan verir ki, özünü dünyada daha üst mövqedən göstərə bilsin. Yüz il əvvəl Üzeyir Hacıbəyov kimi universal bir sənət adamı yetişdirən xalq bu gün dünyaya Üzeyir Mehdizadə ilə çıxmasını həzm edə bilmir. 

Həzm edənlər öz xalqının mədəni potensialından xəbəri olmayan uşaq-muşaqlardı.

Aqşin Yenisey