Siyasət 13:44 21.09.2022

Ermənistan KTMT-dən imtina edəcəkmi? - Politoloq

KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik  Anatoli Sidorovun rəhbərlik etdiyi missiyasının Ermənistana sentyabrın 15-də olan səfərindən dərhal sonra dünən qurumun baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti də bu ölkəyə gəlib. Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq niyyətindədir. 
 
Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir. Məlumata görə, missiyanın qarşısında mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır. KTMT nümayəndələri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. 
 
Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, KTMT-nin baş katibinin İrəvana səfəri qurumla Ermənistan arasında son zamanlar meydana çıxan soyuq münasibətləri aydınlaşdırmaq məqsədi daşıyır: 



"Sidorovun səfəri hərbi ekspertlərin Azərbaycan-Ermənistan sərhəd boyu törədilən təxribatları araşdırmaqla əlaqəli idi. Zas isə baş katib olaraq həm hərbi, həm də siyasi məsələləri müzakirə edir. Görünür, Sidorovun Ermənistan rəhbərliyinə bəyan etdiyi nəticələrdən sonrakı prosesləri müzakirə etməyə ehtiyac yaranıb. Ermənistanda anti-Rusiya ovqatı güclənir. Hətta Paşinyan hökumətinin üzvləri belə KTMT-nin yararsız təşkilat olduğunu açıq şəkildə bəyan edir. Ona görə də İrəvan - KTMT kontekstində məsələni müzakirə etməyə ehtiyac yaranıb. Zasın səfəri də bilavasitə bununla bağlıdır. 

Doğrudur, Ermənistanın yaxın zaman çərçivəsində KTMT-dən imtina edəcəyi gözlənilmir. Çünki İrəvan üçün hələ də qeyri-müəyyən olan bəzi məsələlər mövcuddur. Ancaq hər bir halda, Ermənistan bunun üçün artıq hüquqi və siyasi zəmin yaradıb. KTMT-nin son olaylarla bağlı İrəvanın müraciətinə müsbət cavab verməməsi Ermənistan tərəfindən bir bəhanə olaraq Rusiyaya qarşı şantaj vasitəsi kimi istifadə olunur. Dolayısı ilə Moskvaya çatdırılır ki, onlar ya bütün mənada Ermənistana dəstək verəcək, ya da Rusiyaya alternativlər axtarılacaq. Pelosi də açıq şəkildə bəyan etmişdi ki, KTMT-dən imtina ediləcəyi təqdirdə ABŞ İrəvana yardım edəcək. Stanislav Zas da bu mənada KTMT-Ermənistan arasındakı münasibətləri aydınlaşdırmaq üçün İrəvana gəlib”. 
 
Rüfət Sultan