Siyasət 19:10 28.03.2023

Ermənistan öhdəlikləri yerinə yetirmir: İrəvanın məqsədi nədir?

"Ermənistanın təxribatları bölgədə müharibənin alovlanmasına deyil, lokal xarakterli hərbi əməliyyatların aparılmasına hesablanıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Ermənistandan Qarabağa silah-sursat daşınması fonunda gərginləşən vəziyyətin yeni müharibəyə səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib. 
 
"Əminəm ki, Ermənistan iqtidarının atdığı addım və qəbul etdiyi qərarlar Qərb tərəfindən istiqamətləndirilir. Məqsəd burada heç də Azərbaycanın Qərblə münasibətləri deyil. Bu münasibətlərdə Azərbaycanı narahat edəcək ciddi məqamlar yoxdur. Əsl məqsəd bölgədəki geosiyasi reallıqlar, Moskva bəyannaməsinin şərtləridir. Bu şərtlər nə Qərbi, nə də onun Ermənistandakı təmsilçilərini qane etmir. Bu məqsədlə də İrəvan təxribatlara gedir”, deyə Elşən Mirzəoğlu bildirib.

Ekspert deyib ki, bu təxribatlarla İrəvan Moskva bəyannaməsinin şərtlərinə görə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, ən əsası isə baş verən təxribatlara görə məsuliyyəti Azərbaycanın üzərinə atır:

"Bununla da Bakının Avropa Birliyilə münasibətlərində ölkəmizin maraqlarına cavab verməyən tendensiyanın yaranmasına çalışırlar. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi şefinin səs-küysüz Ermənistana gəlməsindən sonra İrəvanın hərəkətlərində təxribat xarakterli addımlar artıb. Ümumiyyətlə bölgədə sabitliyin pozulması, Azərbaycan-Ermənistan, Azərbaycan-İran və Ermənistan-Rusiya münasibətlərində olan gərginliklər regiondan kənardakı güc mərkəzlərinin bölgədə Moskva və Tehran üçün yaratdıqları problemlərin mahiyyətindən irəli gəlir. Təəssüf ki, bu problemlərin məngənəsinə istəsək də, istəməsək də, Azərbaycan da düşə bilər”. 

Rüfət Sultan