Dünya 22:50 11.05.2023

Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilən 1 milyardlıq məhsul “yoxa çıxıb”

Ukraynada müharibə başlayandan sonra başqa ölkələrə tranzit bəhanəsi ilə Rusiyaya 2 milyard dollar dəyərində ikili təyinatlı mallar gətirilsə də, onların yalnız yarısı son mənzilə çatıb.

Qaynarinfo-nun məlumatına görə, "Financial Times” açıq məlumatlara istinadən yazır ki, Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilən 1 milyard dollardan artıq məhsul tranzit zamanı "yoxa çıxıb”.

Məsələn, müharibənin 13 ayı ərzində Litva şirkətləri Qazaxıstana 84 milyon dollar dəyərində ikili təyinatlı mallar göndəriblər, lakin Qazaxıstan cəmi 11 milyon dollar dəyərində məhsul aldığını bildirib.

Avropa İttifaqı rəhbərliyinin fikrincə, Rusiya ərazisində qalmış mallar potensial olaraq hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər. Söhbət təyyarə komponentləri, lehimləmə dəmirləri, optik avadanlıqlar, qaz turbinləri, yayım məhsulları və saidən gedir.

"Başqa hara gedə bilərdi? Belə bir vaxtda bu ölkələr birdən-birə bu mallara niyə ehtiyac duysunlar? Regionda hansı ölkənin bu mallara daha çox ehtiyacı var? Aydındır ki, bu, Rusiyadır", - deyə Estoniya Xarici İşlər Nazirliyinin hüquq və konsulluq məsələləri üzrə vitse-kansleri, sanksiyalara nəzarət edən Erki Kodar bildirir. 

Ukraynada müharibənin başlanmasının ildönümündə Aİ Rusiya ərazisindən ikili təyinatlı malların tranzitinə tamamilə qadağa qoyub. Üçüncü ölkələrin köməyi ilə sanksiyalara məruz qalan mallar Rusiyaya daxil olur və hazırda Qərb ölkələrinin fəaliyyəti reeksportun qarşısını almağa yönəlib. 

Nizami Bağırov