Siyasət 18:14 29.09.2022

Ermənistanın Qərblə yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur (ŞƏRH)

Paşinyan hakimiyyətinin son addımları onun komandasının artıq Rusiyadan uzaqlşmaq yolunu tutduğunu göstərir. Belə ki, Paşinyan KTMT-nin son toplantısını boykot edib. Digər tərəfdən, İrəvan 12-13 sentyabr təxribatlarını törədərkən, Rusiya və KTMT-nin onun yanında olmadığını əsas gətirməklə həmin ölkə və təşkilatdan artıq incik düşüb. 

Ermənsitanın özündə anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Bu ölkə Rusiyanı onları satmaqda, dəstəkləməməkdə ittiham edir. Əvəzində, son zamanlar Paşinyanın və komandasında olan digər rəsmilərin Avropa İttifaqı ölkələri, xüsusən də Fransa və ABŞ səfərləri intensivləşib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri fonunda Ermənistanın artıq Qərbə üz tutduğu bütün çılpaqlığı ilə ortadadır. Amma digər tərəfdən, Ermənistan hələ də Rusiyanın nəzarəti altındadır. Bu ölkənin iqtisadiyyatına Rusiya şirkətləri nəzarət edir. Sərhədlərini Rusiya ordusu qoruyur. Gümrüdə rus hərbi hisssi yerləşir. 

Görəsən, Ermənistan tam Rusiyadan uzaqlaşa və Qərbə üz tuta bilərmi? Paşinyan Saakaşvili kimiqatı anti-Rusiya siyasəti yürüdə bilərmi? 

Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq  Zülfüqarov bildirib ki, Ermənistan müstəqil siyasət yürütmək iqtidarında olmadığından kimdənsə asılı olmalıdır. Bu fonda hazırki situasiyada İrəvan düşünür ki, çıxış yolu üçün daha yaxşı variant maliyyə imkanlarına malik Qərblə əməkdaşlığı genişləndirməkdir:



"Ermənistan uğrunda hazırda iki oyunçu mübarizə aparır: ABŞ və Rusiya. Düzdür, Rusiyanın imkanları bundan əvvəl olduğu qədər deyil. Çünki hazırda Rusiyanın diqqəti əsasən Ukraynaya yönəlib. Ona görə də Moskvanın Ermənistanı saxlamaq, təhlükəsizliyini təmin etmək və silahlandırmaq, kredit vermək sahəsində imkanları indi çox aşağıdır. Bütün bunlar onu göstərir ki, Kremlin İrəvana kömək etmək üçün imkanları tükənib. Belə vəziyyətdə Rusiyadan əli üzülmək üzrə olan Ermənistan hələ də çıxılmaz vəziyyətdə qalır. İrəvan müstəqil, kənardan asılı olmayan siyasət həyata keçirmək iqtidarında deyil”. 

Tofiq Zülfüqarov deyir ki, İrəvanın Qərbə üz tutması qaçılmaz prosesdir:

"Görünən odur ki, Ermənistanın Qərblə yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur. Çünki özlərini saxlamaq üçün Ermənistana pul lazımdır. Bu ölkənin gəliri isə əsasən xaricdən, əsasən də Rusiyada işləyən ermənilərdən formalaşır. Ermənistana pul lazımdır. Ona görə də istər-istəməz İrəvan kiməsə satılmalıdır. İndiki halda satılmalı məkan isə Qərbdir. Çünki Rusiyadan fərqli olaraq onların Ermənistana verəcək pulları var. Paşinyan da bu fonda indiyə kimi, sakitcə yürütdüyü anti-Rusiya siyasətini daha da gücləndirəcək”. 

Rüfət Sultan