Siyasət 15:03 01.02.2023

"Ermənistanla sərhəddə Aİ-nin missiyasının yerləşdirilməsinə Bakının cavabı nə olacaq" - Politoloq

"Ermənistan öz ərazisində Avropa İttifaqının mülki missiyasını yerləşdirdiyi kimi, Azərbaycan da ona cavab olaraq öz sərhədi boyunca istənilən sayda Türkiyə nümayəndələrindən ibarət missiyanı yerləşdirə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Milli Məclisin deputatı Zahid Orucun Aİ-nin mülki missiyasının Ermənistan sərhədində yerləşməsinə cavab olaraq, Ağdamdakı Monitorinq Mərkəzinin Ermənistanla sərhədə köçürülməsi təklifinə münasibət bildirərkən deyib:


 
"Heç kim buna görə, Azərbaycana irad tuta bilməz. İrəvan Bakıdan razılıq almadan sərhəddə Aİ müşahidə missiyasının yerləşdirilməsinə icazə verib. Belə olan halda, Azərbaycan da istədiyi vaxt sərhədə  Türkiyədən olan nümayəndələrdən ibarət mülki missiyanı yerləşdirə bilər. Bu  fonda Ağdamdakı Monitorinq Mərkəzinin sərhəddə yerləşdirilməsinə isə lüzum görmürəm. Həm də bu məsələ prosesdə iştirak edən tərəflərin hər birilə razılaşdırılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Zahid Oruc bu gün parlamentin plenar iclasında Avropa İttifaqının Ermənistan sərhədində mülki missiyasının yaradılmasının yolverilməz olduğunu qeyd edərək, alternativ tədbir olaraq Ağdamda yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzinin Ermənistanla sərhədə köçürülməsini təklif edib. 

Rüfət Sultan