Ölkə 10:36 24.10.2023

Əsgərin ölümünə görə həbsdə olan keçmiş polis yenidən kassasiya şikayəti verdi

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.   

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 26-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov "Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub. R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.