Ölkə 15:12 08.06.2022

Eskpertlərdən Tibb Universitetində "şortik-mayka məsələsi"nə reaksiya

"Məncə, kitabxanaya bir tələbənin gəlib orada bilik-bacarıq alaraq, elmə töfvə verməsi daha önəmlidir, nəinki onun şortik və mayka geyməsi. Bu, tələbələri kitabdan, təhsildən, tədrisdən küsdürməsi deməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Şəfərova Azərbaycan Tibb Universitetində tələbələrin kitabxanaya qısa şalvarda (şortik), maykada girməsinin qadağan olduğu ilə bağlı elandan danışarkən deyib. Onun sözlərinə görə, buna görə sərt, məhdudlaşdırıcı qaydalardan daha çox fərqli istiqamətlərdə gündəmə gəlmək daha yaxşı olardı:
 


"Mən açıqlamanı oxudum. Orada yazılıb ki, "birinin hüququ digərinin azadlığı başladığı yerdə bitir”. Mən bilmirəm bunu deyən hüquqşünasdı ya yox, bu, tamamilə başqa hüquq normalarıdır. Onun geyim normalarına qətiyyən aidiyyatı yoxdur. Məsələn, mənim istirahət hüququm var, başqasının da söz azadlığı hüququ var. Əgər onu qışqıraraq ifadə edirsə, mənim istirahət hüququma pozur. Bizə maraqlıdır, tələbələrin şikayəti də var ki, şortik, maykada gələnlər diqqətimizi yayındırırlar. Bu da maraqlıdır, onlar əsas kök olaraq nəyi götürüblər? Təəssüf edirəm ki, gündəmə belə məsələlər gəlir”.

Günel Səfərova dünyanın əksər ölkəsində hansısa standartların olduğunu vurğulayıb:

"Amma Azərbaycanda elm ocaqlarının daha çox təhslilin keyfiyyəti ilə gündəmə gəlməsi lazımdır. Həqiqətən buna inanan insanlardanam ki, geyimin təhsilin keyfiyyətinə aidiyyatı yoxdur. Məsələn, biz çox nümunəvi təhsil modelləri bilirik, onlarda təhsilin keyfiyyəti ilə geyimin məhdudlaşdırılması və s. standartlar yoxdur. Kitabxanaya tələbənin hansı formada daxil olması yox, əslində tələbənin kitabxanaya gəlməsi daha önəmlidir. Gəlsinlər, oxusunlar və təhsil alsınlar. Hamıya aydındır ki, Azərbaycan səhiyyəsi haqqında bu qədər tənqidi fikirlər var. Onu aradan qaldırmağa çalışsınlar, yoxsa geyimlə bağlı məhdudiyyətlər qoymaq və s.? Müxtəlif dövlətlərdə müxtəlif məkanlarla bağlı geyim standtaları var. Amma konkret kitabxanaya bu geyimdə olar, ya olmaz deyə bir qərar yoxdur. Kitabxanada daha çox sakitliyə riyaət etmək, digərinə mane olmamaq və s. məncə, bunlara əməl edilməlidir”.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, əgər biz tələbəni müvafiq olaraq auditoriyaya şortik və maykada buraxmışıqsa, onu kitabxanaya da buraxmaq borcumuzdur:
 

 
"Yox əgər dərsdə icazə verilib, kitabxanaya icazə verilmirsə, artıq burada ziddiyyət var. Amma ümumi götürsək, universitetin özünün bir daxili qərarı ola bilər. Bilirsiniz ki, bununla bağlı qanunvericilikdə hər hansı vahid geyim forması nəzərdə tutulmayıb. Kitabxana mütaliə yeridir, kimisə ora daxil olub məlumatlar əldə edir, müəyyən çalışmalar aparır, elmi işini yazır. Burada qarşı tərəf ora hər hansı bir geyimlə daxil olursa, bu, həmin şəxslərin fikirlərinin yayınması ilə nəticələnir. Bunu nəzərə alaraq universitet belə bir qərar verərək qadağanı qoya bilər. Kimsə desə ki, "yox, mənim diqqətim yayınmayacaq”, bu yalan olacaq. Hər kəsdə diqqət yayına bilər. Eyni zamanda biz öz hüquq və azadlıqlarımız naminə kiminsə azadlığını əlindən ala bilmərik. Bunu da hər birimiz qəbul etməliyik. Universitetin özünün daxili qərarı var, tələbə ora qəbul olan zaman müqavilə bağlayır. Bu, müqavilədə əksini tapıbsa, tələbə ona mütləq riyaət etməlidir. Bu kimi problemlərin qaynaq səbəbi ondan ibarətdir ki, universitetlərdə vahid geyim yoxdur. Biz bu kimi məsələləri müzakirə etməli deyilik. Bizim müzakirəmiz təhsildə müvafiq elmi naliyyətlər olmalıdır. Təəssüflər olsun ki, biz şortik, mayka geyinənləri və yemək gətirənləri müzakirə edirik”. 
 


Qeyd edək ki, sosal şəbəkədə Azərbaycan Tibb Universitetində kitabxanaya giriş üçün geyim qaydasının tətbiq edilməsi ilə bağlı elan fotosu yayılıb. Elanda ictimai qaydalara uyğun olaraq kitabxanaya qısa şalvarda (şortik), maykada girməyin qəti qadağan olduğu yazılıb.

Bahar Rüstəmli