Siyasət 15:27 30.07.2022

Etibar Məmmədov danışdı: Siyasətə qayıdıb, koalisiya qurur?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədovun ard-arda bir neçə media qurumuna müsahibə verməsi müxtəlif mülahizələrə səbəb olub. Mülahizələrin ana xəttini AMİP liderinin yenidən böyük siyasətə qayıdışı təşkil edir. Bundan başqa, Etibar Məmmədovun bir neçə partiya ilə koalisiya yaratmaq niyyətində olduğu barədə məlumatlar da yayılıb. 

Məlumatda adı çəkilən partiya rəhbərləri, eyni zamanda AMİP sədri Arzuxan Əlizadə xəbəri təkzib etsə də, siyasi spektrdə bu yöndə müzakirələr davam edir. 

Bu baxımdan, Qaynarinfo şəxsən Etibar Məmmədovun özü ilə əlaqə saxlayaraq, yayılan məlumatla bağlı fikirlərini öyrənib.

"Etibar bəy, böyük siyasətə qayıdışınız və bir neçə partiya ilə koalisiya yaratmağa hazırlaşdığını barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?” sualına AMİP lideri belə cavab verib:

"Mən nə deyim ki? Siz bu məlumatı yayanlardan soruşun ki, nəyə əsasən yazıb? Belə jurnalistika olmur axı. Hardan alıb bu məlumatı?”.

Etibar Məmmədov daha sonra fikirlərini konkretləşdirib: "Belə şey yoxdur. Sadəcə bir siyasətlə məşğul olmuş bir şəxs kimi jurnalistləri maraqlandıran suallara cavab vermişəm".

ARAYIŞ

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədovun uzun fasilədən sonra yenidən aktiv siyasətə qayıtması ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, Etibar Məmmədov koalisiya yaradır. İttifaqa AMİP lideri özü rəhbərlik edəcək. Orada ADP sədri Sərdar Cəlaloğlunun, KXCP sədri  Mirmahmud Mirəlioğlunun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, "Ümid" lideri İqbal Ağazadənin, Ağ Partiyanın başqanı Tural Abbaslının, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov və digərlərinin yer alacağını bildirib. Mətbuatın yazdığına görə, yeni siyasi birliyin hədəfi qarşıdan gələn parlament seçkilərində müştək iştirakdır.
 

Seyid