Aqşin YENİSEY
Sənət 14:23 11.05.2023

“Eurovision” - “Hayl Hitler!”ə qarşı halarvadı toyu

İlk "Eurovision” yarışması keçiriləndə (1956) Hitlerin və Mussolinin ölümündən doqquz, Stalinin ölümndən üç il keçmişdi. Onların xortlaya biləcəyindən qorxan Avropa bu tip liderlərin bir daha nəinki hakimiyyəti ələ keçirməməsi, ümumuyyətlə, doğulmaması, doğulubsa da, beşikdəcə (oxu: məktəbdəcə) xədim edilməsi üçün bütün mədəni, elmi, fəlsəfi imkanları ilə səfərbər olmuşdu. 

Avropa lidermərkəzli dövlət anlayışını qəbrə qoyurdu. Bundan ötrü o əvvəlcə kişimərkəzli cəmiyyəti aradan götürməliydi. Götürdü də. Çünki kişimərkəzli cəmiyyət lidermərkəzli dövlət qurmalıdır. Bunun başqa yolu yoxdur. Bu gün xristian dünyası ilə müsəlman dünyasının fərqini yaradan da budur; biz fərdin kişiliyini sünnət edirik, onlar cəmiyyətin.  
 
İkinci Dünya Müharibəsindən sonra Avropada "rifah dövləti” (welfare state)” anlayışı ortaya çıxdı. Dağıdıcı bir müharibədən çıxmış Avropa xalqları doyunca əylənmək, müharibənin ağrı-acısını unutmaq istəyirdilər. Bir-birinin ardınca insanlara o zamana qədər görülməmiş haqq və hüquqlar tələb edən təşkilatlar yarandı. İş saatının qısaldılması insanların əyləncəyə daha çox vaxt ayırmalarına şərait yaratdı. Hakimiyyətə can atan siyasi partiya liderləri seçicilərə haqq və hüquq paylayan Şaxta babalar oldular. Feminizmin ikinci dalğası yenidən aktivləşsə də, artıq zaman onların deyildi, çünki səhnəyə yeni aktiv qüvvələr çıxmış və daha çox şey istəyirdilər.

Artıq Avropada endirilmiş faşizm bayraqlarının yerində lezbiyan, gey, biseksual, transseksual və interseks (LGBT) bayraqları dalğalanırdı. Hər yerdə populyar kültür deyə kütləni əyləndirən sənət növünün hay-həşirindən qulaq tutulurdu. Populyar kültür bütün həzlərin bir yerdə cəmlənməsi idi; yəni siz getdiyiniz kafedə kütləvi şəkildə həm caz dinləyə, həm pivə içə, həm də sekslə məşğul ola bilərdiniz. Biz bu gün də belə bir şeyi ancaq cənnətdə yaşaya biləcəyimizə inanırıq, ona görə dindən bərk-bərk yapışmışıq, təvəkkül allaha! 

Eyni zamanda bu illər "Soyuq müharibə”nin ən şiddətli illəri idi. Qərb kommunist dünyanı qan tökmədən yıxmaq üçün populyar kültürü silah olaraq Berlin divarlarının üstünə göndərdi. Divarların o üzündə hər kəs digər tərəfdə içkinin, musiqinin, seksin bir arada yaşandığı real cənnətin yaradıldığından xəbərdar idi. Qərb bu cənnəti televiziya vasitəsilə bütün dünyaya göstərirdi. Bütün dünya Qərbdə yaşanan bu cənnətin arzusunda idi. Qərb bütün dünyanı öz "cənnət”inin fanatına çevirə bilmişdi. Artıq bu "cənnət”in ilk "şəhid”ləri də vardı. 

Beləliklə, populyar kültür "mədəni mübarizə”nin bir forması kimi şöhrət qazandı. "Eurovision” yarışması da bu mübarizənin ən öndə gedən tədbirlərindən birinə çevrildi və Berlin divarını yıxmaqla dünyaya öz gücünü göstərdi. İlk illərdə ancaq Qərbi Avropa ölkələrini birləşdirmək məqsədi daşıyan bu yarışma "Soyuq savaş”dan sonra Şərqi Avropanı, hətta İsraili də öz üzvləri arasına qatdı. Daha sonra post-sovet ölkələrinə qapılarını açdı. 

Yarandığı gündən bu günə qədər "Eurovision” yarışmasının avtiv güc mərkəzi lezbiyanlardan, geylərdən, biseksuallardan, transseksuallardan və "lgbteşniklərdən” ibarət olaraq qalır. 

Türkiyədə 22 il "Eurovision” aparıcılığı "yapmış” Bülend Özverenə qulaq asaq: "Afinada (yarışma zamanı) sağına dön - gey, soluna dön - gey dolu idi. Həm sənətçilər, həm jurnalistlər, həm aparıcılar arasında həddindən artıq gey vardı”.

Bizə gəlincə, insanımız Qərb siyasəti ilə Qərb mədəniyyətini ayırmaqda kor Fatma. Çünki Qərbin özünün ona toxuduğu torun bir yumağı siyasidir, bir yumağı mədəni. 

Kromer Hindistanı, Ərəbstanı ələ keçirmək istəyir, Kiplinq hindlini, ərəbi. Hər ikisi öz"Ağ Adam"ını Şərqin alternativ allahı kimi görür.   

Qərb mədəniyyəti özünü Şərqin yetiminin, Qərb siyasəti özünü o yetimin dövlətinin "xilaskarı" kimi görür. Bulanıqlıq da bu məqamda yaranır. Dövlətin yetimlə eyniləşdirilməsində. 

Qərb siyasəti bu eyniləşdirmə gücünü Qərb mədəniyyətindən alır. Qərbin siyasi gücünü sıfırlamaq üçün Qərbin mədəni gücünü sıfırlamalısan. 

Bunun ən rahat yolu, məsələn, iki Azərbaycan kişisinə güllü köynək geyindirib onları allahın özünü belə namuslu-qeyrətli kişi kimi təsəvvür edən xalqa "Avropa mədəniyyətinin kişi xeylağına yanaşması" kimi təqdim edirsən. Vəssalam! Azarımı alsın o Qərb mədəniyyəti Biləcəridən bu tərəfə keçə bilsə. 

Düzgün yoldurmu? Ən düzgün yoldur! Çünki Qərb mədəniyyəti beş yüz ildir ki, Şərqdə tutduğu toyuğu Qərb siyasətinin tavasında bişirir. 

Bu gün bu "toyuq" Anadoluda savadlı, Azərbaycanda savadsız gənclərdir. Qərbi yamsılamaq və arzulmaq savadlı Anadolu gəncini kütlədən, savadsız Azərbaycan gəncini elitadan fərqləndirən təzahürdür. Çünki Anadoluda kütlə köhnədir, Azərbaycanda elita. 

O allı-güllü qirbişin köynəklər bu gün milli dövlətçiliyə xidmət edən uniformalardır. Qərbi öz dəyəri ilə neytrallaşdırmaq məqsədi güdür. 
Azərbaycan kişisini seçim qarşısında qoyur: 

Ya gey ol, bəxtin olsun, ya da ac ol, kişi ol!

Aqşin Yenisey