İdman 19:14 17.03.2023

Fariz Nəcəfov: “O vaxt akademiyamıza təqribən 1 milyon dollar civarında pul xərclənirdi”

"Qəbələ” yeni sponsoru "EUROCLİMA” MMC ilə anlaşdı.

Qaynarinfo-nun məlumatına görə anlaşma ilə bağlı tədbir keçirilib. Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan "Qəbələ” - "Şamaxı” matçından öncə keçirilən tədbirdə "Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov və şirkətin təsisçisi Aslan Abdullayev iştirak edib. 

Hər iki rəhbər fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

Fariz Nəcəfov: "Büdcəmizin aşağı düşdüyünü hamımız bilirdik. Aslan müəllimlə münasibətlərimiz var. O da klubumuzun fəaliyyətini izləyirdi. Büdcənin azalması akademiyanın da fəaliyyətinə təsir etdiyindən söhbət düşəndə bunu Aslan müəllim eşitmişdi. Söhbət əsanasında "Qəbələ”nin akademiyasına, uşaq futboluna dəstək olmaq istəyini bildirdi. Bu barədə razılaşdıq. Nəticədə bizim üçün xoş olan layihə yarandı. Müqavilə 3 ilik nəzərdə tutulub. Həmişəki kimi məbləği açıqlamaq fikrində deyilik”.

Aslan Abdullayev: "Qəbələ”nin akademiyasının inkişafında zəhmətimi göstərmək mənim üçün çox xoşdur. Bilirdik ki "Qəbələ” uşaq futboluna çox geniş yer ayırır. Bəlkə də bu sahədə birinci yerdədir. Bu gün Azərbaycanın əsas liqasında iştirak edən klubların hər birinin tərkibində bu akademiyanın yetirmələrini görmək olur. Bu illərdə maliyyə böhranının təsirindən də xəbərimiz oldu. Uşaq futbolunun inkişafına dəstək göstərməyi düşündük. Ümumiyyətlə gəncləri məşğuliyyəti istiqamətində bir çox layihələrdə iştirak edirik. Gənclərin pis vərdişlərdən aralanıb futbolla məşğul olmasına akademiya bir vasitədir. İnşallah, akademiya uzun illər ərzində fəaliyyətini davam etdirər və neçə gənc insanlara gözəl istiqamət verər. "Qəbələ”yə uğurlar arzu edirəm. Komanda bizi avrokuboklarda sevindirsin”.

- Niyə seçim zamanı məhz "Qəbələ”yə üstünlük verdiniz? Digər tərəfdən bu əməkdaşlıq şəxsi müstəvidədir, yoxsa özünüzün də futbola marağınız var?

- A.A. Futbola çox böyük həvəsim var, izləyirəm. Niyə akademiyanın inkişafına dəstək olmağa qərar verdim? Görünürdü ki, bu klub köklü iş görürü. Xüsusən də uşaq futboluna əsaslı proqramla yer ayırır. Həm meydançalar, həm akademiyanın yaşayış yeri baxımından deyirəm. Çox bəyəndim. Bu gün klubun çox böyük yolda olduğunu görürük. Fürsət yaranada bunu "Qəbələ”  üçün etməyi özümə borc bildim.

- "Qəbələ”nin akademiyasının bu dəstəkdən sonra əvvəlki günlərini qaytarmaq baxımından irəliləyiş varmı?

- F.N. Səmimi desəm yox. İndiki müqaviləyə əsasən o günlərə qayıtmaq mümkün deyil. Akademiyanın əvvəlki və indiki halını tam çılpaqlığı ilə müqayisə etmək mümkün deyil. Akademiyada hazırda vəziyyət ürəkaçan deyil. Ancaq inanıram ki, indiki vəziyyətlə müqayisədə bir neçə dəfə yaxşılaşacaq. Əvvəllər hər yaş qrupu ən azı bir dəfə Avropaya səfər edirdi. Turnir keçirirdik. Adlı-sanlı komandalar dəvət olunurdu. Səhv etmirəmsə, artıq 4-cü ildir ki, yalnız U-19 komandamız Çempionlar Liqasında iştirak etdiyinə görə səfərdə olub. Digər komandalarımız kənara çıxa bilmirlər. Komandanın təcrübə toplaması üçün turnirlərdə iştirakı çox vacibdir. Bunsuz futbolçunun inkişafı mümkün deyil.

- Yeni anlaşma akademiyanın maliyyə çatışmazlıqlarının təxmini neçə faizini qarşılayacaq?

- F.N. Bu akademiyanı hansı səviyyədə görmək istəyimizdən asılıdır. Əvvəlki vəziyyətinə qaytarmaq istəyiriksə, çox az bir hissəsini. O vaxtdan indiyə görün nə qədər dəyişiklik olub. Hətta yerli mütəxəssisləri saxlamaq imkanımız belə saxlamaq imkanımız aşağı düşmüşdü. Xarici mütəxəssisləri göndərdik. Faizlə deməyim, Amma qat-qat yaxşılaşacaq.

- Siz bunu sosial layihə kimi görürsünüz, yoxsa formanın arxasında şirkətin reklamı olacaq deyə belə qərar verdiniz?

- A.A. Bu işə əsasən sosial layihə kimi yanaşıram. Gənclərin məşğulluğu, uşaqların can atmasına şərait yaratmaq istəyirik. Uşaqların o arzularla yaşamasını istəyirəm. İnşallah, arzuları onları pis yollardan çəkindirər. Həm də gözəl futbolçular yetişər. 

- Simvolik formada olan 39 nömrənin xüsusi anlamı varmı?

- F.N. Aslan müəllim çox vətənpərvərdir. Qubadlı rayonundandır. Bunu nəzərə alaraq rəmzi şəkildə 39 nömrəsini yazdıq.

- Sizi "Qarabağ”ın oyunlarında görmüşdük. "Qəbələ”nin oyunlarında da görə biləcəyik?

- A.A. Əlbəttə. "Qarabağ”ı hər yerdə izləyirik. 

- Sponsorluq müqaviləsində gələcəkdə Qəbələdə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub?

- F.N. Aslan müəllimin ayırdığı məbləğ birmənalı şəkildə sırf akademiyaya yönəldiləcək. Akademiya rəhbərliyi ilə danışanda qərara aldıq ki, ən azı hansısa komandalarımızı səfərə, xarici turnirlərə göndərək. Hansı ki, həmin turnirlərdə xərclər təşkilatçılar tərəfindən qarşılanır. Digər tərəfdən akademiyanın işçi heyətində, məvaciblərində dəyişiklik etmək istəyirik. Sağ olsunlar məşqçilərimiz əsasən də məvacib baxımından müəyyən çətinliklərə dözdülər, klubu tərk etmədilər. İş keyfiyyətinin yüksək olması üçün, işçilər xoşbəxt yaşamalıdırlar. 

- Akademiyada hər hansı dəyişiklik nəzərdə tutulur?

- Akademiyanın rəhbəri ilə görüşəndə direktor və sair vəzifələrdə dəyişiklik təklif olundu. Ancaq indiki halda bu çətindir. Çünki mütəxəssis müəyyən şərtlərlə, tələblərlə gəlir. Onu da qınamaq olmaz. Ola bilər gələcəkdə hansısa şirkətlə anlaşaq. Akademiyanı o səvuyyəyə çatdırmaq fikrimiz birmənalıdır. Bizim üçün priroritet məsələ uşaq futboludur. Azərbaycanda da indiki halda prioritet bu olmalıdır. Kütləviliyin artması, futbolun daha geniş auditoriya tərəfindən sevilməsini mən də istəyirəm. 

- Azərbaycanda futbol akademiyası saxlamaq üçün illik nə qədər vəsait tələb olunur?

- F.N. Hansı səviyyədə akademiyanın nəzərdə tutulması şərtdir. Məsələn, minimum uşaq futbol məktəbi ola bilər. Buna o qədər də ciddi məbləğ lazım deyil. Deyim ki, büdcə azalmamışdan öncə bizim akademiyada 100-ə yaxın uşaq var idi. Bəzən 80, bəzən 90 olurdu. Onlar il boyu akademiyada qalır, qidalanır, xarici turnirlərə gedir, xarici mütəxəssislərin rəhbərliyi altında hazırlaşırdılar. O vaxt bizim akademiyaya təqribən 1 milyon dollar civarında pul xərclənirdi.

- Gələcəkdə "Qəbələ”nin akademiyası deyil, əsas futbol komandası ilə də hər hansı sponsor müqaviləsi imzalamağınız mümkündürmü?

- A.A. Gələcəkdə nəzəri cəhətdən hər mümkündür. Tək mən yox, başqalarının da futbolu dəstəkləməsi xoş bir təşəbbüs olar. Azərbaycanda idmanın təbliğ olunması, kütləviləşməsi baxımından sizlərin də üzərinə böyük məsuliyyət düşür və öhdəsindən də layiqincə gəlirsiniz. Sizə daha da uğurlar arzu edirəm.

- Bu layihəni gələcəkdə genişlətmək kimi planınız var?

- A.A. Səmimi deyim, xeyr. Heç bu haqda fikirləşmirəm. Vəziyyətdən asılıdır, təki olsun. İmkan yaranarsa bütün qüvvəmi bura yönəldərəm. Qəbələ ucqar rayondur. Burdakı məşğulluğu qoruyub saxlamaq lazımdır. 

- "Qəbələ”nin akademiyasında müəyyən gəlir əldə etməyi gözləyirsinizmi?

- A.A. Vallah, gəlir məni düşündürmür. Heç mənim ona aidiyyatım yoxdur. Təki gəlir olsun. İnşallah gəlişim uğur gətirsin, böyük futbolçular yetişsin, satıb qazanc əldə etsinlər.

- Xeyli məşq meydançalarınız var və onların saxlanması xərc tələb edir. Bu yöndə vəziyyət necədir?

- F.N. Rəqəm hamıya məlumdur. Bu mövsümdən dövlət tərəfindən futbolun inkişafı üçün ayrılan məbləğin daxilindədir həmin xərclər. Əziyyət çəkdiyimiz vaxtlar oldu. Üstünlüyümüz onda oldu ki, inventarlar yaxşı vaxtlarımızda alınmışdı. Ota baxan işçilərimiz də öz yetirmələrimizdir. Bu günə kimi otun səviyyəsinin qorunub saxlanmasında bu iki amilin rolu böyük oldu. Ciddi problemimiz yoxdur. Bu il əsas meydançamızın otunu dəyişdirmək qərarına gəlmişdik. Sonda növbəti mövsümə saxlamağı məsləhət bildik.

Səbuhi Həsənov