Ölkə 16:04 12.12.2022

Fazil Məmmədovun qohumundan keçmiş icra başçısına 400 minlik ittiham

Şəmkir rayonunun Dəllər Cəyir kəndinin keçmiş icra nümayəndəsi Tünzalə Hüseynova keçmiş icra başçısı Alimpaşa Məmmədovu ondan 400 min manat almaqda ittiham edib. 

Qaynarinfo xəbər verir ki, Tünzalə Hüseynova bu barədə Alimpaşa Məmmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində bildirib. 

Hakim isə Tünzalə Hüseynovanın iş üzrə zərərçəkən kimi tanınmadığını və bu baxımdan məhkəmə istintaqında dindirilməsinin mümkünsüz olduğunu deyib. 

Prorsesdən sonra Tünzalə Hüseynova bildirib ki, keçmiş vergilər naziri Fazil Məmmədovun qohumudur. O, əlavə edib ki, 400 min manatı həmin vaxt Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədova şadlıq sarayının tikintisi üçün verib. 

Tünzalə Hüseynova deyib ki, Alimpaşa Məmmədovun həbsindən sonra bu məsələ ilə əlaqədar ibtidai istintaqda dindirilib. Amma naməlum səbəbdən zərərəçəkmiş kimi tanınmayıb. 

Qeyd edək ki, 2014-2021-ci illərdə Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədov bir il əvvəl aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seyid