Ekonomiks 13:51 15.12.2022

FED-in qərarı dolları bahalaşdıracaq: Bəs Azərbaycan valyutası necə olacaq?

"Uçot dərəcəsinin artırılması dünyada dolların bahalaşması deməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov FED-in faiz dərəcəsinin 4,25-4,50%-ə qaldırması ilə bağlı qərarından danışarkən deyib. O bildirib ki, dollar xarici valyutalara münasibətdə bahalaşır:

"Amma bizim milli valyutaya nisbətən bu gözlənilmir. Ona görə ki, dolların bahalaşması pararel dünyada neftin də qiymətinin bahalaşması deməkdir. Buna görə də bu qərar neft ölkələrinin xeyrinədir. Eləcə də bizim üçün, nefti daha baha satıb, valyuta ehtiyyatlarımızı artırıb, milli valyutamızı isə möhkəmlədiririk. Nefti olmyan ölkələr üçün isə dolların bahalaşması mili valyutanın zəifləməsi deməkdir”.
 


Əkrəm Həsənov ABŞ-da və bütün dünyada infliyasiya proseslərinin getdiyini vurğulayıb:

"Mərkəzi Bankların əsas mübarizə aləti uçot dərəcəsinin artırılmasıdır. Həmin dərəcə ilə Mərkəzi Banklar kommersiya banklarına kreditlər verir. Faiz qalxanda kredit bahalaşır, daha az kredit götürülür və buna görə də hardasa iqtisadi aktivlik zəifləyir və qiymət artımının qarşısı alınır”.

Qeyd edək ki, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə əsasən, uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib.

Bahar Rüstəmli