Ekonomiks 16:40 04.11.2023

Fərhad Əhmədova görə adamının ölkədən çıxışı məhdudlaşdırıldı

Teymur Əhmədov adına "AzNar” Qapalı Səhmdar Cəmiyyətinin "Grante Trading" filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin dövlət büdcəsinə vergilər üzrə 47915,53 manat, faizlər üzrə 17527,19 manat, maliyyə sanksiyası üzrə 140 manat olmaqla, ümumilikdə 65582,77 manat borcu yaranıb. 

Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkət rəhbərliyinə bildirişlər göndərilib, lakin vergi ödəyiciləri yaranmış borc məbləğləri ödənməyib. 
 


Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətin qanuni təmsilçisi, baş direktoru Bağırov Mətləb Məmmədtağı oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilib. 

Mətləb Bağırov məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesə qatılmayıb və bunun səbəbləri barədə məlumat verməyib. 

Məhkəmənin qərarı ilə şirkətin qanuni təmsilçisinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb. 

Xatırladaq ki, "AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.

Əhməd