Ölkə 11:03 23.08.2022

FHN: “Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir” (YENİLƏNİB)

Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.

Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, yanğın nəzarətə götürülüb:

"Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
 
09:15
 
Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında məhdudlaşdırılıb. Hazırda ərazidə tam söndürmə və kəşfiyyat işləri aparılır.
 
İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edib. Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.