Siyasət 13:42 01.02.2023

Fiaskoya uğrayan "Vardanyan planı" - Qarabağdakı separatçılar arasında qarşıdurma

"Separatçıların rəhbəri Araik Arutyunyanın açıqlaması Rusiyameylli qüvvələrlə Qərbmeyllilər arasında gərginliyin pik həddə çatdığına işarədir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Qarabağ separatçılarının lideri Araik Arutyunyanın "Azərbaycanla dialoqa getmək lazımdır” fikrinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, "Vardanyan planı”nın birinci mərhələsi fiaskoya uğrayıb:
 
"Hazırda separatçı rejim daxilində ciddi gərginlik hökm sürür. Bu gərginliyin əsas səbəbkarı da Moskvadan ora göndərilən və Qarabağ ermənilərinə heç bir aydiyyatı olmayan Ruben Vardanyanın etdiyi təxribatçı hərəkətləridir. Vardanyan Rusiyaya, separatçıların rəhbəri Araik Arutyunyan isə Paşinyana bağlı qüvvədir. Bu baxımdan, separatçılar arasında Rusiyameylli qüvvələrlə Qərbmeylli qüvvələr arasında gərginlik pik həddə çatıb. İstənilən halda, "Vardanyan planı”nın birinci mərhələsi fiaskoya uğrayıb. Vardanyanın Xankəndiyə göndərilməsində əsas hədəf gələcəkdə onu Ermənistana transfer edib, Paşinyana qarşı əsas müxalif qüvvəyə çevirməkdir. Bu təhdidləri başa düşən separatçı Araik Arutyunyan özünün kölgə arxasına alınmasını qəbul etmir”. 
 


Həmsöhbətimiz qeyd edir ki, Paşinyan bu müstəvidə Araik və onun komandasının əlilə Vardanyana təzyiq etməyə çalışır:
 
"Avropa İttifaqı missiyasının Ermənistana gəlməsilə bu ölkə Aİ ilə Moskva arasında növbəti geopolitik qarşıdurmanın məkanına çevrilir. Vardanyan və Arutyunyan arasındakı dartışmalar da bu müstəvidə separatçılar vasitəsilə müxtəlif bölgəsəl güclərin növbəti toqquşmasının məkanını göstərir”. 

Ekspert bildirib ki, Araik səsləndirdiyi fikrində qətiyyən səmimi deyil:
 
"Onun dedikləri sadəcə publikaya hesablanmış, insanları aldatmağa yönəlmiş növbəti yalan şousudur”. 

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Qarabağdakı separatçı qurumun "dövlət naziri” Ruben Vardanyanın Azərbaycanla yarana biləcək yeni hərbi münaqişəni istisna etməməsi separatçıların digər liderləri tərəfindən etirazla qarşılanıb. Hətta separatçıların lideri Arayik  Arutyunyan da Vardanyana qarşı çıxaraq bildirib ki, hazırda "Artsax”da Ermənistandan daha çox silah olsa da, müharibədən qaçmaq və Azərbaycanla dialoqa getmək lazımdır”. Arutyunyan onu da əlavə edib ki, bugünkü müharibə Qarabağ və Qarabağ erməniləri üçün son səhifə ola bilər. 

Rüfət Sultan