Dünya 10:25 07.02.2023

Finlandiya İsveçsiz NATO-ya üzv olmağa hazırdır - KİV

Finlandiya hakimiyyəti İsveçsiz NATO-ya daxil olmaq qərarını elan etməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın "İltalehti” qəzeti xarici siyasət və təhlükəsizlik sahəsində mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Finlandiya hakimiyyəti bu məsələni ötən həftə müzakirə edib. "Biz faktları etiraf etməliyik: biz Rusiya ilə qonşuyuq. İsveçin geosiyasi mövqeyi bizimkindən çox fərqlidir”, - İltalehti mənbələrindən biri qeyd edib.

İsveç və Finlandiya Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra NATO-ya üzv olmaq qərarına gəlib. Alyansa qoşulmaq üçün bütün üzv ölkələrin razılığı lazımdır. Türkiyə hər iki ölkə qarşısında bir sıra şərtlər irəli sürüb, o cümlədən terrorçuluqda şübhəli bilinən bir neçə şəxsin ekstradisiyası.

Lakin Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya üzvlük müraciətini qəbul etməyəcək. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük ərizəsinə İsveçdən ayrı baxılması ehtimalına eyham vurub.

Fevralın 2-də Finlandiyanın Baş naziri Sanna Marin isveçli həmkarı Ulf Kristerssonla görüşü zamanı əmin edib ki, ölkələr nə olursa olsun, eyni zamanda alyansın bir hissəsi olmaq niyyətindədirlər.

Nizami Bağırov