Xəbər lenti

Dünya 15:56 11.04.2024

Finlandiya NATO-ya üzv olsa da, Aland neytral qala bilər

Finlandiyanın tərkibində muxtariyyət olan Aland adalarının sakinləri ölkə NATO-ya daxil olduqdan sonra neytrallığa riayət etmək və silahsızlaşdırılmış zona statusunu saxlamaq istəyir. 

Qayanrinfo xəbər verir ki, bu barədə TASS-a müsahibəsində arxipelaq parlamentinin spikeri Yorgen Pettersson bildirib.

"Aland adalarının sakinləri, adaların neytral və silahsızlaşdırılmış zona olaraq qalmasına baxmayaraq, Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyir", deyə Pettersson bildirib.

Aland adaları parlamentinin sədri əlavə edib ki, müxtəlif tarixi dövrlər, o cümlədən I və II Dünya müharibələri və beynəlxalq münasibətlərdə baş verən digər böyük geosiyasi hadisələr zamanı region vətəndaşlarının dövlətlərarası münaqişələrdə bitərəf qalmaq istəyi daha da güclənib: "Necə ki, I və II Dünya, Sovet-Fin müharibələrində, Avropa İttifaqına, indi isə NATO-ya daxil olduqdan sonra bu baş verib. Demək olar ki, hər dəfə belə beynəlxalq hadisələr baş verəndə bizim bitərəfliyimiz daha da möhkəmlənir. Və ümumiyyətlə, əhval-ruhiyyə belədir: biz sülh zonası olaraq qalmalıyıq".

Pettersson həmçinin artıq qüvvədə olan beynəlxalq müqavilələrə hörmət edilməsinin vacibliyini vurğulayıb. "Köhnə müqavilələr dəyişdirilməməlidir: onlara beynəlxalq təşkilatların qərarları daxildir. Biz yalnız ona görə sülh adalarıyıq ki, Finlandiya və ya İsveç bunu istəyir, həm də beynəlxalq ictimaiyyətin fikri budur ki, məhz belə olmalıdır", deyə o, vurğulayıb.

Qeyd edək ki, Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub. Sonuncu 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunu ifadə edob. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusunun əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib. Alandlılar bu təklifi rədd ediblər, münaqişə qızışsa da, tərəflərdən heç biri silaha əl atmayıb.

1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiyanın neytral və hərbsizləşdirilmiş ərazisi olması barədə qərar çıxarıb. 1921-ci ilin iyununda verilmiş qərarla Finlandiyanın üzərinə adalarda yaşayan əhalinin İsveç dilini, adət və ənənələrini saxlamaq, İsveç mədəniyyətinin inkişafına təminat verməsi barədə öhdəlik qoyulub. İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə görə, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı İsveç əhalisinin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alıb.

1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament - laqtinq adaların daxili işləri və büdcə haqqında qanun qəbul edə bilər. Hökuməti də laqtinq təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq özünüidarə qanunlarına Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı - xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın preroqatividir.

Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb bağlamaqdan ibarətdir.

Aydın




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->