Dünya 16:56 19.02.2024

Finlandiya Rusiyadan dərhal hücum gözləmir, lakin buna hazırdır - Baş nazir

Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, onun ölkəsi Rusiyadan dərhal hücum gözləmir, lakin buna hazırdır.

Qaynarinfo xəbər verir ki, Orpo bu barədə "Rzeczpospolita”ya müsahibəsində bildirib

"Biz NATO-nun ən güclü ordularından birinə, çox ciddi ehtiyat qüvvələrə sahibik. Bu, tez bir zamanda 800.000 silahlı insan formalaşdıra biləcəyimiz deməkdir. Beləliklə, biz çox təsirli bir çəkindirici qüvvədən danışırıq. Biz Rusiyadan dərhal hücum gözləmirik, lakin buna hazırıq!”, - deyə Finlandiyanın baş naziri vurğulayıb.
Orpo onu da əlavə edib ki, Rusiya indi Avropanın hər bir ölkəsi üçün təhlükədir.

"Bütün Avropa oyanmalıdır. Və bu dərhal edilməlidir. Boşa sərf etməyə vaxt yoxdur. Müdafiə sənayemiz gücləndirilməlidir, çünki biz dərhal Ukraynaya kömək etməliyik. Orta və uzunmüddətli perspektivdə isə Avropanın özünə daha çox müdafiə imkanları lazımdır. Biz Rusiyanı Avropaya qarşı təcavüzdən effektiv şəkildə çəkindirməliyik”, - deyə o bildirib.

Xatırladaq ki, 4 aprel 2023-cü ildə Finlandiya rəsmi olaraq NATO-ya qoşularaq Şimali Atlantika Alyansının 31-ci üzv ölkəsi olub. Ölkənin Alyansa daxil olması Rusiyanın NATO ilə sərhədinin uzunluğunu iki dəfə - 1340 kilometr artırıb.

Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Finlandiyanı NATO-ya üzv olduğuna görə "problemlərlə” hədələyib. 

Dekabrın sonunda Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, NATO ilə Rusiya arasında "hansısa gərginlik” baş verərsə, "ilk əziyyət çəkən” Finlandiya olacaq.

Nizami Bağırov