Xəbər lenti

Dünya 14:30 28.11.2023

Finlandiyadan cavab: Rusiya konsulluğunun binası söküləcək

Finlandiyanın Turku şəhərinin hakimiyyəti Rusiya Baş Konsulluğunun keçmiş binasını satın alacaq, sonra isə onu sökəcək. 

Qaynarinfo "Yle” nəşrinə istinadən xəbər verir ki, qərar bazar ertəsi, noyabrın 27-də şəhər şurası tərəfindən yekdilliklə qəbul edilib https://yle.fi/a/74-20062413 .
Bələdiyyə 1974-cü ildə 2000 kvadratmetrlik binanın tikildiyi 3500 kvadratmetrlik torpaq sahəsi üçün 1,6 milyon avro ödəyəcək. Onun yerində yeni bina, ehtimal ki, uşaq bağçası tikiləcək.

Şəhərin kommunal xidmətləri əvvəlcə ərazinin torpağını təmizləməli olacaqlar, çünki bu yer 1900-cü illərin əvvəllərində litium və sink əritmə zavodunun yeri olub.
Alqı-satqı qərarı hüquqi qüvvəsindən asılı olmayaraq həyata keçiriləcək: hakimiyyət mümkün apelyasiya şikayətlərinə baxılmasını gözləməyəcək.

Prezident Sauli Niistö 2023-cü ilin iyulunda Rusiyanın Turkudakı konsulluğunun bağlanacağı ilə bağlı xəbərdarlıq edib. Daha sonra o, 9 finlandiyalı diplomatın Rusiya Federasiyasından qovulmasından və Sankt-Peterburqdakı Baş Konsulluğun bağlanmasından sonra cavab tədbirlərini açıqlayıb.

"Biz də analoji aksiya hazırlayırıq. Finlandiyada, Sankt-Peterburqdakı Baş Konsulluğun analoqu Rusiyanın Turkudakı Baş Konsulluğudur”, - Niistö Twitter-də yazıb.
Baş Konsulluq sentyabrın 30-na qədər işləyib, bundan sonra Finlandiya hakimiyyəti icarə müqaviləsini ləğv edib. Onun funksiyaları Rusiyanın Helsinkidəki səfirliyinə verilib və diplomatlar konsulluğu tərk edəndən sonra sovet diplomatik missiyası üçün tikilmiş binanın özü polisin iştirakı ilə hərtərəfli yoxlanılıb.

Nizami Bağırov